İqlim maliyyələşməsində yeni era başlayır

Bu prosesdə aparıcı rol məhz Azərbaycana məxsusdur
"Ölkəmizin son iki həftə ərzində uğurla ev sahibliyi etdiyi BMT-nin 29-cu İqlim Dəyişikliyi Konfransı başa çatdı. Azərbaycan növbəti dəfə qlobal miqyasda ciddi uğura imza atdı. Özü də nə uğura! Konfrans iştirakçıları yoxsul ölkələrə iqlim yardımını artırmaq barədə tarixi razılığa məhz Bakıda gəldilər. Bu razılıq inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini maliyyələşdirmək, həmçinin quraqlıqlar, tufanlar və daşqınlar kimi qlobal istiləşmənin təsirlərinə uyğunlaşmaq imkanı verəcək. Bu isə o deməkdir ki, iqlim maliyyələşməsində yeni era başlayır, yeni məqsədlər, hədəflər müəyyən olunur və bu prosesdə aparıcı rol məhz Azərbaycana məxsusdur". "Olyalar" xəbər verir ki, bunu deputat Kamran Bayramov parlamentdə çıxşı zamanı deyib.
O, əlavə edib ki, lakin COP29 ətrafında ölkəmizə qarşı aparılan qarayaxma kampaniyaları, təzyiqlər, şantaj cəhdləri yer aldı: "Hamısı iflasa uğradı, boşa çıxdı, ölkəmizə qarşı nifrət və qəzəb anti-Azərbaycan təşəbbüsləri ilə çıxış edənlərin məğlubiyyətinə çevrildi. Düşmənlərimizin COP29 Konfransının uğursuzluğu ilə bağlı xəyalı elə xəyal olaraq qəlblərində qaldı. Həmişəki kimi!
Həmin qüvvələr rəsmi Bakı ilə qarşıdurma və boykot xəttini seçməklə, sözdə daim insan hüquqlarının təmin olunmasını müdafiə etsələr də, bəşəriyyətin maraq və ehtiyaclarına qarşı çıxdılar. Bu şəxslərin, təşkilatların və bir sıra dünya liderlərinin gözlərini nifrət elə pərdələmişdi ki, onlar dünyamızın qorunub saxlanması üçün Azərbaycanın vacib hesab etdiyi ideya və təkliflərinin reallaşmasına qarşı oldular. Məhz buna görə də onlar Azərbaycanın bəyan etdiyi əsas məqsədlərdən birinə - Qlobal Şimal və Qlobal Cənub arasında qarşılıqlı anlaşmanın təmin edilməsinə nail olmaq üçün cüzi səy belə göstərmədilər. Hətta inkişaf etməkdə olan kiçik ada dövlətlərinə xüsusi diqqət yetirmək üçün ədalətli tələblərə inadla, daha dəqiq desək, qəddarcasına müqavimət göstərdilər.
Lakin dövlətimiz nəinki növbəti dəfə təzyiqlərə tab gətirdi, əksinə, COP29 Konfransı çərçivəsində müsbət və ümidverici nəticənin əldə olunmasına öz əhəmiyyətli töhfəsini verdi. Berbokların, Pallonelərin, Tunberqlərin və digərlərinin qərəzli və təxribat xarakterli hərəkətlərinə və bəyanatlarına baxmayaraq, Azərbaycan dünyada köməyə və maddi dəstəyə ehtiyacı olan dövlətlərə və insanlara dayaq olmağı, qlobal formatda liderliyini əyani şəkildə nümayiş etdirməyi bacardı. Və bu uğurun kökündə birmənalı olaraq möhtərəm cənab Prezidentin müdrikliyi və uzağgörənliyi, dövlətimizin qüdrəti və xalqımızın birliyi durur. 
Beləliklə, Azərbaycan növbəti dəfə adını dünya tarixinə yazdı, öz düşmənlərinə, rəqiblərinə, qeyri-dost münasibəti bəsləyənlərə tarixi bir dərs verdi, öz uğuru ilə onların səhv yolda olduğunu açıq-aydın göstərdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31