DSMF açıqlama verdi

Pensiya alma müddəti orta hesabla 16 il təşkil edir

Son vaxtlar bəzi ekspertlər tərəfindən Azərbaycanda yaşa görə pensiya alanların pensiyada olma müddətinin kişilər üçün 3 il, qadınlar üçün isə 5 il təşkil etdiyi barədə ictimaiyyəti çaşdıran  məlumatlar yer almaqdadır. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan "Olaylar"a dildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil və  Fondun avtomatlaşdırılmış mərkəzi məlumat bazasında mövcud olan informasiyalarla tam ziddiyyət təşkil edir. Dövlət Sosial Müdafiə Fondunun müasir standartlara cavab verən mərkəzi məlumat bazasında ölkə əhalisinin 3/1-i, yəni 1 275 min nəfər pensiyaçı və 2 milyondan artıq sığortaolunan barədə dəqiq məlumatlar toplanıb. Fondun mərkəzi məlumat bazasında olan göstəricilərə əsasən, son 6 ildə yaşa görə pensiya alan və vəfat etmiş qadınların orta yaşı 77,2, kişilərin orta yaşı isə 75,7 olub. Hazırda yaşa görə pensiya alanların pensiyada olma müddəti qadınlar üçün 19 il, kişilər üçün isə 12,7 il təşkil edir. Ümumilikdə isə Azərbaycanda pensiyada olma müddəti orta hesabla 16 ildir.

Bundan başqa, "Əmək pensiyaları haqqında" Qanuna əsasən, güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər daha erkən pensiyaya çıxırlar və bu kateqoriyadan olan vətəndaşların pensiyada olma müddəti orta hesabla 22 il təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31