Qlobal ərzaq təhlükəsizliyinin təminatında COP29 çərçivəsində görülən işlər mühüm rol oynayacaq
12:38 İqtisadiyyatDünyanın getdikcə ən aktual probleminə çevrilən iqlim böhranı digər fəsadlarla yanaşı, qlobal ərzaq təhlükəsizliyinə də təsirini sürətlə artırır. Artan temperatur, qeyri-sabit hava şəraiti və ekstremal iqlim hadisələri gücləndikcə, bütün dünyada kənd təsərrüfatı daha böyük təzyiqlər və təhdidlərlə üzləşir. Belə şəraitdə təhlükəsiz şəkildə lazımi həcmdə qidanın əldə olunması, ərzaq təhlükəsizliyi böyük risk altına düşür. Bu mənada təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ətraf mühitdə baş verən dəyişikliklər, bunun ərzaq təhlükəsizliyinə təsiri əsas müzakirə predmetlərindən birini təşkil edib. COP29 çərçivəsində baş tutan "NDC 3.0 aqrar-qida sistemi üzrə iqlim ambisiyası və fəaliyyətinin gücləndirilməsi"nə dair panel müzakirələrdə bu məsələyə geniş diqqət ayrılıb.
Tədbirdə NDC 3.0 və ya 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr üzrə aqro-ərzaq sisteminin iqlim ambisiyası və fəaliyyətinin təkmilləşdirilməsinə dair müzakirələr aparılıb və bu da təsadüfi xarakter daşımır. Məsələ burasındadır ki, iqlim dəyişikliyi, o cümlədən quraqlıqlar, daşqınlar və ərzaq təhlükəsizliyini təhdid edən dəyişkən hava şəraiti kənd təsərrüfatı üçün ciddi problemlər yaradır. Bu da öz növbəsində qida təminatına, ərzaq təhlükəsizliyinə ciddi surətdə təsir göstərir. Çünki kənd təsərrüfatı sabit hava modellərindən çox asılıdır və bu da onu iqlim dəyişikliyinə xüsusilə həssas edir.
Bəllidir ki, buğda, düyü və qarğıdalı kimi bir çox ərzaq bitkiləri böyümə üçün optimal temperatur intervallarına malikdir. Bu hədləri aşdıqda məhsuldarlıq əhəmiyyətli dərəcədə azalır. Məsələn, araşdırmalar üzə çıxarır ki, qlobal temperaturun 2 dərəcə Selsi artması tropik bölgələrdə qarğıdalı məhsuldarlığını 10 faizə qədər azalda bilər. Yağışların miqdarının dəyişməsi isə bəzi ərazilərdə su çatışmazlığına, digərlərində isə daşqınlara səbəb olur, əkin və məhsul yığımı dövrlərini pozur. Qasırğalar, isti dalğaları və meşə yanğınları məhsulu məhv edir, torpağın münbitliyini azaldır və qida tədarükü zəncirini pozur. Bundan əlavə, iqlim böhranı zərərvericilərin və xəstəliklərin yayılmasını gücləndirir. Daha isti iqlim invaziv növlərin və patogenlərin yeni bölgələrdə inkişaf etməsinə imkan verir və kənd təsərrüfatı məhsuldarlığını daha da azaldır.
İqlim böhranı qlobal miqyasda ərzaq təhlükəsizliyinə təsir etsə də, onun təsiri aşağı gəlirli ölkələrdə qeyri-mütənasib şəkildə hiss olunur. Bu bölgələrin çoxu iqlim dəyişkənliyinə çox həssas olan, yağışla qidalanan kənd təsərrüfatından asılıdır. Məsələn, Afrikada Böyük Səhranın cənubunda yerləşən ölkələrdə həm bitkiçilik, həm də heyvandarlıq sahəsini təhdid edən uzun sürən quraqlıq və səhralaşma səbəbindən qida təminatında problemlər yaşanır. Ərzaq məhsullarının əhəmiyyətli bir hissəsini istehsal edən kiçik fermerlər iqlim dəyişmələrinə xüsusilə həssasdırlar. Onlar tez-tez suvarma sistemləri, qabaqcıl əkinçilik texnologiyaları və maliyyə kimi resurslara çıxış əldə edə bilmirlər, bu da onların dəyişən şərtlərə uyğunlaşmasında çətinliklər yaradır.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndəsi Kaveh Zahidi də COP29 çərçivəsində etdiyi çıxışında iqlim böhranının ərzaq təhlükəsizliyini və əhalinin ən həssas təbəqələrini təhdid etdiyini qeyd edib. O bildirib ki, dünyadakı ifrat yoxsul insanların 80 faizi kənd yerlərində yaşayır və bərabərsizliyi dərinləşdirən hadisələrlə daha tez-tez üzləşirlər: "Davamlı kənd təsərrüfatı sistemləri insanları təhlükədən çıxara və iqlim, biomüxtəliflik, torpaq və aclıq kimi bir-biri ilə əlaqəli problemləri həll edə bilər". O qeyd edib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının apardığı qlobal təhlil iqlimə davamlılıq üçün aqro-ərzaq sistemlərinin tam potensialını məhdudlaşdıran emissiyalar, kapital və maliyyə boşluqlarını aşkar edir. Bu fonda BMT-nin Ümumdünya Ərzaq Proqramı hesab edir ki, təcili tədbirlər görülməsə, iqlim dəyişikliyi 2050-ci ilə qədər əlavə 80 milyon insanı aclığa sürükləyə bilər.
Təbii ki, iqlim böhranının ərzaq təhlükəsizliyinə təsirləri kənd təsərrüfatından kənarda daha geniş iqtisadi və sosial sistemləri əhatə edir. Azalan kənd təsərrüfatı məhsuldarlığı ərzağın qiymətini artırır və belə hal xüsusilə ev təsərrüfatlarının gəlirlərinin böyük bir hissəsinin ərzağa xərcləndiyi regionlarda problemlərin miqyasını genişləndirir. Ərzaq təhlükəsizliyinin təminatında problemlər eyni zamanda sosial və siyasi qeyri-sabitliyə əlverişli zəmin yaradır. Resurs çatışmazlığı əkinə yararlı torpaq, su və digər həyati resurslar üzərində münaqişələrə də yol açır. Məsələn, uzun sürən quraqlıq və ərzaq çatışmazlığı Yaxın Şərq və Şimali Afrika kimi bölgələrdə iğtişaşlara və miqrasiyaya yol açır. İqlim böhranının ərzaq təhlükəsizliyinə təsirinin aradan qaldırılması uyğunlaşma, təsirin azaldılması və sistem dəyişikliyini birləşdirən çoxşaxəli yanaşma tələb edir. Elə COP29-da da bu məsələlər xüsusi diqqət mərkəzində yer alır, uğurlu nümunələrin geniş tətbiqinin vacibliyi ön plana çəkilir. Sözügedən müstəvidə ən yaxşı nümunələrdən birinin müəllifi isə Azərbaycandır. Ölkəmizdə kənd təsərrüfatını daha dayanıqlı etmək üçün su idarəçiliyini təkmilləşdirmək, daha təmiz enerjiyə keçid etmək və iqlim problemlərinə uyğunlaşmaqda fermerlərə dəstək göstərilir.
Azərbaycanın yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrdə kənd təsərrüfatı üçün daha iddialı hədəfləri nəzərdə tutulur. Emissiyaların azaldılmasına, fermerlərin dayanıqlılığının artırılmasına və təbii sərvətlərin qorunmasına xüsusi diqqət yetirilir. Bu təcrübənin geniş miqyasda tətbiqi mühüm önəm kəsb edir. Məsələn, səmərəli suvarma sistemləri, yağış suyunun yığılması və qrunt sularının davamlı istifadəsi hətta quru şəraitdə də kənd təsərrüfatı üçün suyun mövcudluğunu təmin etməyə kömək edə bilər.
Araşdırmalar göstərir ki, qlobal miqyasda istehsal olunan bütün qidaların təxminən üçdə biri israf edilir. Təchizat zəncirləri boyunca ərzaq itkisinin və tullantıların azaldılması kənd təsərrüfatı sistemləri üzərində təzyiqi azaltmaq və qidaya çıxışı yaxşılaşdırmaq iqtidarındadır. Ümumiyyətlə, iqlimə davamlı kənd təsərrüfatına sərmayə qoymaq, davamlı təcrübələri və qlobal əməkdaşlığı təşviq etməklə qida təminatı, ərzaq təhlükəsizliyi ilə bağlı riskləri əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Bu, COP29-un da əsas məqsədlərindən biridir.
MTM Analitik Qrupu