Bu onillikdə qlobal emissiyaların yarıya qədər azaldılmasından hələ də uzağıq - Saymon Stil

Biz hələ də bu onillikdə qlobal emissiyaların yarıya qədər azaldılmasından çox uzağıq.

Olaylar xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

"Xüsusilə karbon bazarlarında əldə olunan əhəmiyyətli irəliləyişləri görmək sevindiricidir. Əvvəlki konfranslarda əldə olunmayan nəticələrə nail olunub. Lakin görüləsi işlər hələ çoxdur və mən rahatlaşmaq niyyətində deyiləm. Problemlər hələ də qalır", - deyə S.Stil vurğulayıb.

O qeyd edib ki, COP29-da əldə olunan irəliləyiş böyük əhəmiyyət kəsb edir və konfransın son həftəsində ölkələrə iş tempini sürətləndirməkdə kömək etmək vacibdir.

"Biz həmçinin G20 ölkələrindən olan Böyük Britaniya və Braziliyadan güclü siqnallar alırıq. Onlar iqlim tədbirlərini gücləndirmək üçün öz planlarını təqdim etdilər. Onlar bunu etməkdə olduqlarını, çünki bunun onların iqtisadi maraqlarına tam uyğun olduğunu açıq şəkildə bəyan edirlər", - deyə o əlavə edib.

O, həmçinin bu il Paris Sazişi çərçivəsində təqdim olunmalı olan yeni Ikiillik Şəffaflıq Hesabatlarının əhəmiyyətini vurğulayıb. Bu hesabatlar hökumətlər üçün daha effektiv iqlim siyasətlərinin yaradılmasında əsas rol oynayır. Bəzi hesabatlar artıq təqdim edilib, digərləri isə tezliklə gələcək.

Bununla belə, S.Stil qeyd edib ki, COP29-un uğurlu olması üçün daha çox səy göstərilməlidir.

"Tərəflər kompromisə daha sürətli addımlarla yaxınlaşmalıdır. Bu, xüsusilə yeni iqlim maliyyələşdirmə mexanizmi üzrə aparılan danışıqlara aiddir. Mən çox açıq danışmışam - iqlim maliyyələşməsi xeyriyyəçilik deyil. Bu, hər bir millətin öz iqtisadiyyatlarını və insanlarını dağıdıcı iqlim təsirlərindən qorumaq üçün maraqlarına tam uyğundur", - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31