Milli töhfələrin növbəti mərhələsi iqlim hədəflərinə çatmaq üçün son şansdır - Saymon Stil
12:22 İqtisadiyyatGələn ilin əvvəlində keçiriləcək Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) növbəti mərhələsi iqlim hədəflərinə çatmaq üçün son və ən perspektivli şansdır.
Olaylar xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil COP29 çərçivəsində Parlamentlərarası İttifaq (IPU) və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən birgə təşkil olunan Parlament görüşündə deyib. Tədbirdə Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak edir.
"Bu töhfələr ölkələr üçün qaçırılmamalı olan əhəmiyyətli bir fürsətdir. Düzgün hazırlıqla, onlar iqtisadiyyatların və cəmiyyətlərin irəliləməsi üçün güclü bir vasitəyə çevrilə bilər, davamlılıq, yeni imkanlar və təmiz, təhlükəsiz enerjiyə əsaslanan daha yüksək həyat keyfiyyəti təmin edə bilər", - deyə S.Stil bildirib.
O vurğulayıb ki, lazım olan texnologiyalar artıq mövcuddur.
"Bərpa olunan enerji mənbələri təkcə davamlı seçim deyil, həm də yüksək gəlirliliklə iqtisadi cəhətdən ən sərfəli seçimdir", - deyə Saymon Stil qeyd edib.
Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb.
İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.
Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlim dəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.
Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.