Sabah Azərbaycanda iki günəş elektrik stansiyasının maliyyələşdirilməsi ilə bağlı yekun qərar veriləcək - Nazir
16:39 İqtisadiyyatSabah ümumi gücü 760 MVt olan iki günəş elektrik stansiyasının maliyyələşdirilməsi haqqında yekun qərar qəbul ediləcək.
Olaylar xəbər verir ki, bunu Azərbaycan energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib.
"COP29 Azərbaycanının yaşıl enerji keçidinə sadiqliyini əks etdirən əhəmiyyətli nailiyyətlərlə yadda qaldı. Zəngəzurda bp şirkəti ilə birgə həyata keçirilən 240 MVt gücündə ilk sənaye günəş enerjisi obyektinin təməli qoyuldu ki, bu da birbaşa xarici investisiyalı ən böyük layihə oldu. Biz chr("39")Xəzər-Avropa Yaşıl Enerji Dəhlizichr("39") layihəsi üzrə nazirlərin doqquzuncu iclasını keçirdik və texniki-iqtisadi əsaslandırmanın ilkin nəticələri ilə tanış olduq. Həmçinin, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında hökumətlərarası saziş imzalandı, Səudiyyə Ərəbistanı isə bu üçtərəfli layihəyə əsas tərəfdaş kimi qoşuldu.
Bundan əlavə, altı Çin şirkəti ilə altı saziş imzalandı, Azərbaycan öz hidrogen strategiyasını elan etdi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə Paris Sazişi kontekstində enerji planlaşdırılması sahəsində Əməkdaşlıq Memorandumu bağlandı. Bu gün OPEC-in Təmiz Enerji Mərkəzinin açılışı keçiriləcək, sabah isə ümumi gücü 760 MVt olan iki günəş elektrik stansiyasının maliyyələşdirilməsi haqqında yekun qərar qəbul ediləcək", - deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.