COP29 çərçivəsində qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə yan tədbiri təşkil olunub

COP29 çərçivəsində qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə yan tədbiri təşkil olunub.

"Azərpoçt"dan Olaylar-a bildirilib ki, tədbir qlobal poçt sisteminin tənzimləyici və iştirakçıları sayılan Ümumdünya Poçt İttifaqı (ÜPİ), Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının Texnologiya və Logistika Şöbəsi, Beynəlxalq Mülki Aviasiya Təşkilatının COP üzrə nümayəndəliyi, Beynəlxalq Dəniz Təşkilatının İqlim Fəaliyyəti və Təmiz Hava şöbəsi, Dünya Bankının Nəqliyyat üzrə direktorluğu, eləcə də, Azərbaycan Respublikasının yeganə milli poçt operatoru "Azərpoçt" MMC-nin iştirakı ilə keçirilib.

"Poçt işində İqlim Dəyər Zənciri: Yükdaşımaya qlobal diqqət" mövzulu tədbirdə əsasən yükdaşımanın iqlimə təsiri, yük emissiyalarının idarə olunması, iqlimin dəstəklənməsi vasitələri müzakirə olunub.

Qeyd edilib ki, son illər qlobal istixana qaz emissiyalarının 10%-i poçt yükdaşımalarının payına düşür. ÜPİ şəbəkəsi vasitəsilə göndərilən kiçik həcmli elektron ticarətin üçdə ikisi, eləcə də elektron ticarətə sürətlə artan tələbat bu emissiya prosesini sürətləndirən əsas amillərdən sayılır.

Bu emissiyaları azaltmaq üçün poçt təşkilatları birgə yeni strategiyalar hazırlanmasının və əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Bunun üçün qeyd olunub ki, ilk növbədə müxtəlif nəqliyyat modellərinin istifadəsi, yenilənmiş çeşidləmə mərkəzləri, inteqrasiya olunmuş poçt şəbəkələrinin birgə fəaliyyəti kimi təkliflər müzakirə olunmalıdır.

Yekunda isə müsbət nəticəyə gəlmək və iqlim şərtlərinin dəstəklənməsi üçün poçt ekosistemində məlumatlılığın artırılması, texnoloji və əməliyyat innovasiyalarının tətbiqi, investisiya təşəbbüsləri, təcrübələrin mübadiləsi tədbir işitrakçıları tərəfindən vacib vasitələr kimi müəyyən edilib.

Tədbirdə çıxış edən "Azərpoçt" MMC-nin İdarə heyətinin sədr vəzifələrinin icraedicisi İsi Mustafayev qeyd edib ki, qurum bugünə qədər karbon emissiyalarının və yanacaq sərfiyyatının azaldılması məqsədilə poçt marşrutlarının optimallaşdırılmasını həyata keçirmiş, çeşidləmə mərkəzində kağız istehlakının azaldılması üçün isə rəqəmsal həllər tətbiq etmişdir.

Tədbirdə həmçinin "Azərpoçt" MMC tərəfindən COP 29-a həsr olunmuş və COP 29-un missiyasına sadiq qalaraq yüz faiz təkrar emal olunmuş kağızdan hazırlanmış COP29 markası da tədbir iştirakçıları tərəfindən möhürlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31