COP29 uğurla davam edir – Elman Cəfərli – ÖZƏL

"Azərbaycanda keçirilən nüfuzlu beynəlxalq tədbir - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu konfransı uğurla davam edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib:

"Mən konfrans çərçivəsində keçirilən bir neçə görüşdə, iclasda olmuşam. Konfrans yüksək səviyyədə təşkil olunub. Əslində COP tədbirlərini təşkil etmək üçün ölkələrə 2 il zaman verilir. Azərbaycana təşkilatçılıq cəmi bir il öncə verildi. Amma qısa zamanda COP29-un Təşkilat Komitəsi yüksək bacarıqla işinin öhdəsindən gəlib. Konfransın keçirildiyi məkan yüksək zövqlə hazırlanıb, pavilyonlar göz oxşayır. COP zonalarında xidmət səviyyəsi yüksəkdir. Mən konfransda iştirak edən dövlət başçılarının açıqlamaları ilə tanış oldum. Əksəriyyət COP29-un təşkilatçılığından razılıq ifadə ediblər. Ölkəmizin bu işin öhdəsindən uğurla gələcəyi öncədən də bəlli idi. Çünki ölkədə bundan öncə Avropa Oyunları, İslam oyunları təşkil edilmiş və razılıqla qarşılanmışdı. Artıq iri miqyaslı beynəlxalq tədbirlərə, yarışlara ev sahibliyi edən Bakının, ölkəmizin bu sahədə böyük təcrübəsi var.
Beynəlxalq tədbirin əhəmiyyətinə gəlincə, ölkəmizə maraq artacaq, turizm və xidmət sektoru inkişaf edəcək, genişlənəcək və böyük təcrübə qazanacaq. Azərbaycan "yaşıl enerji"yə keçidlə bağlı uğurlu beynəlxalq təcrübə ilə tanış olacaq. Eyni zamanda xarici dövlətlərin, iri şirkətlərin nümayəndələri Azərbaycanın keçdiyi yola nəzər salacaq, yeni investisiya imkanları öyrəniləcək, təqdim olunacaq. COP29 davam edir və yəqin ki, bu konfrans qlobal iqlim dəyişiklikləri ilə mübarizə işinə töhfələr verəcək. Xüsusən zəif inkişaf etmiş dövlətlərin iqlim dəyişikliklərinə mitiqasiya və adaptasiyasına dəstək məqsədilə əhəmiyyətli qərarların veriləcəyi gözləniləndir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31