İqlim dəyişiklikləri ilə mübarizədə maneə yaradan əsas faktor...- ÖZƏL

"İqlim dəyişiklikləri ilə mübarizədə maneə yaradan əsas faktor ölkələrin iqtisadi baxımdan bu istiqamətdə lazımi qədər maliyyə vəsaitini ayırmaq istəməməsidir. Əgər bütün ölkələr bu istiqamətdə həmrəy olarsa, lazımi qədər maliyyə vəsaiti ayırarsa, əslində ekoloji problemləri daha tez müddətdə aradan qaldırmaq olar". 

Bu fikirləri iqtisadi məsələlər üzrə ekspert Eldəniz Əmirov Olaylar.az-a açıqlamasında bildirib:

"Burada problemlər daha çox sənaye cəhətdən inkişaf etmiş ölkələrdədir. Dünyanı xüsusi pay baxımından daha çox çirkləndirən ölkələr dünyanın inkişaf etmiş ölkələridir. Daha çox zərərini görən isə daha az inkişaf etmiş və inkişafda olan ölkələrdir. Nəinki inkişaf etmiş ölkələr, hətta beynəlxalq maliyyə təsisatları belə iqlim dəyişikliyinə qarşı maliyyə fəaliyyətlərində bir qədər xəsis münasibət sərgiləyirlər. Ehtiyac duyulan vəsaitlər ayrılmır, hətta bu vəsaitlər şəffaf şəkildə istifadə edilmir. Məsələn iqlim dəyişikliyinə qarşı beynəlxalq təşkilatların ayırdıqları vəsaitlərin böyük hissəsi elə həmin təşkilatların əməkdaşlarının keçdikləri təlimlərə, maarifləndirmə tədbirlərinə xərclənir ki, bu da lazımlı olsa da effektiv deyil. Beynəlxalq təşkilatların xərclərinin böyük hissəi təlimlərə aid olur. Halbuki təlimlə ekologiyanı düzəltmək olmur. Bundan daha vacib istiqamətlər mövcuddur. Amma istər Dünya Bankı, istər Beynəlxalq Valyuta Fondu, istər Avropa İnkişaf Bankı və digər maliyyə təsisatları iqlim dəyişikliyi ilə mübarizədə yekdil olaraq lazım olan maliyyə vəsaitini ayırarlarsa, bu problemi birmənalı olaraq, qısa müddətdə həll etmək olar".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31