Çoxtərəfli inkişaf bankları karbon bazarlarının yaradılmasına diqqət yetirəcək - AİB

2024-2025-ci illərdə çoxtərəfli inkişaf bankları (ÇİB) yüksək inteqrasiya olunmuş karbon bazarlarının yaradılmasına diqqət yetirəcəklər.

Olaylar xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (AİB) prezidenti Masatsuqu Asakava COP29 çərçivəsində "Transformativ iqlim fəaliyyəti: diqqətin maliyyə axınlarından Çoxtərəfli İnkişaf Banklarının təsirinə və katalizator təsirinə yönəlməsi" mövzusunda keçirilən dəyirmi masa zamanı bildirib.

"ÇİB olaraq, Paris Sazişinə və iqlim sahəsində transformativ fəaliyyətə nail olmaq missiyamıza bağlıyıq. ÇİB İqlim Fəaliyyəti Qrupunun hazırkı sədri olaraq, 6-cı maddə üzrə İşçi Qrupu çərçivəsində birgə səylərimizi vurğulamaq istəyirəm", - deyə o bildirib.

Onun sözlərinə görə, bu platforma ÇİB-ləri karbon bazarlarının və qeyri-bazar yanaşmalarının yaradılması və tətbiqində ölkələrə yardım göstərmək üçün bir araya gətirir.

"Əməkdaşlığımız ölkələrə iqlim ambisiyalarını artırmaq, investisiyaları genişləndirmək və dayanıqlı inkişafı təşviq etmək üçün Paris Sazişinin 6-cı maddəsini güclü bir alət kimi istifadə etmək imkanı verir. 2024 və 2025-ci illərdə biz üç əsas sahəyə diqqət yetirəcəyik: potensialın artırılması, əlverişli infrastrukturun inkişafı və yüksək inteqrasiya olunmuş karbon bazarlarının birgə yaradılması", - deyə o qeyd edib.

M.Asakava əlavə edib ki, ÇİB-lər, həmçinin, xüsusilə adaptasiyaya töhfə verən və ölçülməsi çətin olan mürəkkəb təsirləri aradan qaldıran qeyri-bazar yanaşmalarını öyrənirlər.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31