Biz bütün ölkələrin dünya üzrə "yaşıl" investisiya axınının dəstəklənməsində iştirakını təmin etməliyik - Taleh Kazımov
14:24 İqtisadiyyatBiz bütün ölkələrin dünya üzrə "yaşıl" investisiya axınının dəstəklənməsində iştirakını təmin etməliyik.
Olaylar xəbər verir ki, bunu Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov "Qlobal maliyyə sistemi: iqlim fəaliyyətinin maliyyələşdirilməsinin genişləndirilməsi" mövzusunda panel müzakirəsi zamanı bildirib.
"Keçən il COP28-də transformativ iqlim tədbirlərinin həyata keçirilməsinə yönəlmiş Qlobal İqlim Maliyyələşdirilməsi Strukturu təqdim olundu. Bu, iqlim maliyyələşdirilməsinin effektivliyini artırmaq üçün 10 maddəlik planı ehtiva edir.
O, 2030-cu ilədək hər il genişmiqyaslı investisiyaları və investisiya imkanlarının cəlb edilməsini hədəfləyir. Biz bütün ölkələrin dünya üzrə "yaşıl" investisiya axınının dəstəklənməsində iştirakını təmin etməliyik", - deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.