İnkişaf etməkdə olan bazarları və ölkələri maliyyələşdirmək üçün özəl sektoru daha fəal cəlb etmək lazımdır - AYİB prezidenti

İnkişaf etməkdə olan bazarları və ölkələri maliyyələşdirmək üçün özəl sektoru daha fəal cəlb etmək lazımdır.

Olaylar xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso COP29 çərçivəsində keçirilən "Transformativ iqlim fəaliyyəti: diqqətin maliyyə axınlarından Çoxtərəfli İnkişaf Banklarının təsirinə və katalizator təsirinə çevrilməsi" mövzusunda dəyirmi masada bildirib.

"Biz özəl sektoru səfərbər etməliyik ki, 2030-cu ilə qədər inkişaf etməkdə olan bazarlar və ölkələr üçün hər il 2 trilyon dollardan çox maliyyə təmin edək.

Bununla əlaqədar biz bu yaxınlarda strateji iqlim planlarının hazırlanmasında bu ölkələrə koordinasiyalı dəstəyin gücləndirilməsinə yönəlmiş birgə proqrama başlamışıq. Bu planlara həm fərdi sektor səviyyəsində, həm də submilli səviyyədə uzunmüddətli strategiyalar, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr, milli uyğunlaşma planları və digər siyasi alətlər daxildir. Bazar mexanizmlərinə əsaslanaraq, ölkələrin rəhbərliyi altında iqlim fəaliyyəti və davamlı inkişaf üçün platformaların yaradılmasına kömək edə bilərlər.

Bu, Beynəlxalq Maliyyə İnstitutunun (BMİ) sistemi çərçivəsində COP konfransında təqdim etdiyimiz addımlardan biridir. Milli platformaların inkişafı üçün ümumi baxışımızı və gələcək fəaliyyət planımızı dərc etdik", - o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31