Azərbaycanda bərpa olunan enerji ixracını tarazlaşdırmaq qabiliyyəti var - İrlandiyalı nazir
13 Noyabr 21:25 İqtisadiyyatAzərbaycanda bərpa olunan enerji ixracını tarazlaşdırmaq qabiliyyəti var.
Olaylar xəbər verir ki, bunu İrlandiyanın ətraf mühit, iqlim, rabitə və nəqliyyat naziri İmon Rayan Bakıda COP29 çərçivəsində jurnalistlərə bildirib.
"Azərbaycanın bərpa olunan enerji üzrə texniki potensialı quruda 135 qiqavatt, dəniz üzrə isə 157 qiqavatt təşkil edir. Məni çox sevindirir ki, Azərbaycanda bərpa olunan enerji mənbələrinin miqyası dərk edilir və onların inkişaf etdirilməsi istənilir. Bərpa olunan enerji mənbələrinin inkişafı dünya üçün sülh deməkdir. Azərbaycanın bərpa olunan enerji ixracını tarazlaşdırmaq qabiliyyəti var", - deyə İ.Rayan qeyd edib.
Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.