COP29-da yeni qlobal iqlim maliyyəsi hədəfi yaradılmalıdır - Simon Stil
11 Noyabr 2024 11:47 İqtisadiyyatCOP29-da yeni qlobal iqlim maliyyəsi hədəfi yaradılmalıdır.
Olaylar xəbər verir ki, bunu Bakıda BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) açılışında BMT-nin İqlim Dəyişikliyi üzrə icraçı katibi Saymon Stil deyib.
"Bu böhran dünyadakı hər bir insana bu və ya digər şəkildə təsir edir. Əgər dünya ölkələrinin ən azı üçdə ikisi tullantıları tez bir zamanda azalda bilmirsə, o zaman hər bir ölkə ağır bədəl ödəyəcək", - deyə o bildirib.
BMT-nin icraçı katibi bildirib ki, iqlimin maliyyələşdirilməsi xeyriyyəçilik kimi qəbul edilməməlidir. O, bütün ölkələrin, o cümlədən, ən zəngin və inkişaf etmiş ölkələrin maraqlarını əks etdirəcək iddialı qlobal məqsədin inkişaf etdirilməsinə çağırıb.
Heç bir ölkənin iqlim dəyişikliyinin fəlakətli təsirlərindən qorunmadığını vurğulayan S.Stil qeyd edib ki, ölkələr tədarük zəncirlərini daha dayanıqlı edə bilməsələr, bütün qlobal iqtisadiyyat çökəcək.
S.Stil, həmçinin, inkişaf etməkdə olan ölkələrin iqlim təsirləri ilə mübarizə aparmaq üçün maliyyə resurslarına çıxış əldə edə bilmələri üçün qlobal maliyyə sistemində islahatların aparılmasının zəruriliyini qeyd edib:
"Təkcə məqsədlə razılaşmaq kifayət deyil. Sistemdə islahatların aparılması və ölkələrə ehtiyac duyduqları maliyyə məkanının verilməsi üçün daha çox səy göstərilməlidir".
Qeyd edək ki, COP29 konfransı bu gün Bakıda rəsmi start götürüb. Noyabrın 11-dən 22-dək davam edəcək tədbir iqlim dəyişikliyinin aktual problemlərini müzakirə etmək üçün dünya liderlərini, siyasətçiləri və iqlim ekspertlərini bir araya gətirir. Gündəliyə iqlimin maliyyələşdirilməsi, emissiyaların azaldılması hədəfləri və qlobal əməkdaşlıq daxildir. COP29-un nəticələri planet üçün gələcək iqlim strategiyasına həlledici təsir göstərəcək.