Azərbaycan COP29 ərəfəsində çoxqütblü dünyada orta gücə çevrilməyə hazırdır – ŞƏRH

Azərbaycan COP29 İqlim Konfransı ərəfəsində çoxqütblü dünyada orta güc olmağ üçün bütün şanslara sahibdir.

Olaylar Trend-ə istinadən xəbər verir ki, bu barədə "Centre for China and Globalization" beyin mərkəzinin baş elmi işçisi və siyasi icmalçı Harvi Dzodinin (Harvey Dzodin) "South China Morning Post" üçün yazdığı məqalədə qeyd olunub.

"Azərbaycanın böyük neft istehsalçısı kimi enerji keçidi, Ermənistanla sülh səyləri və geostrateji mövqeyi BMT-nin İqlim Konfransında diqqət mərkəzində olacaq. COP29 iqlim konfransı Azərbaycanın paytaxtı Bakıda 11-22 noyabr tarixlərində keçiriləcək. COP28-in ev sahibi BƏƏ ilə müqayisədə, hələ ki, Azərbaycan barədə məlumat azdır, lakin bu tezliklə dəyişəcək. Şərqi Avropa ilə Qərbi Asiyanı birləşdirən Cənubi Qafqaz ölkəsi çoxqütblü dünyada orta güc statusuna iddialıdır", - məqalədə bildirilib.

Müəllif bildirib ki, Azərbaycan öz iqtisadi və geosiyasi mövqeyini gücləndirmək üçün Asiya ölkələri, xüsusilə Çinlə əlaqələrini möhkəmləndirir.

"İyulun əvvəlində Azərbaycan və Çin iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığı əhatə edən strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb. Azərbaycan həmçinin, Çin təşəbbüsü olan "Bir kəmər, bir yol" layihəsinin fəal iştirakçısıdır. Bu layihə Orta Dəhliz adı ilə tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas komponentidir. Bu marşrut İran və Rusiyadan yan keçərək Çin, Mərkəzi Asiya və Avropa arasında mükəmməl təchizat əlaqəsi vəd edir və 2040-cı ilədək daşımaların 4 dəfə artacağı proqnozlaşdırılır", - o əlavə edib.

Harvi Dzodin həmçinin qeyd edib ki, COP29 Konfransı Ermənistan və Azərbaycan arasında sülh danışıqlarında artıq əhəmiyyətli nəticələr əldə etməyə kömək edib.

"Ötən ilin dekabrında Ermənistan, Azərbaycan tərəfindən COP-un Şərqi Avropa qrupuna üzvlüyünə dəstək müqabilində, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı müraciətə mane olmamağa razılıq verib. Onlar həmçinin "iki ölkə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq və sülh müqaviləsi imzalamaq niyyətlərini təsdiqləyirlər" barədə razılığa gəldilər. Azərbaycan Ermənistanı COP29-da iştirak etməyə rəsmi olaraq dəvət edib. İkitərəfli danışıqlarda, məsələn, sərhədlərinin müəyyən hissələrinin demarkasiyası kimi mühüm nailiyyətlər əldə olunub. Rusiya Federasiyasının Qazan şəhərində keçirilən son BRICS görüşündə hər iki lider sülh müqaviləsinin ən qısa müddətdə imzalanmasına bağlılıqlarını təsdiqləmək üçün görüşüblər", - o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31