Alkoqollu içkilər üçün niyə minimum qiymət müəyyən olunur?

"Alkoqollu içkilərlə əlaqədar minimum qiymətin mexanizm kimi tətbiq olunması bir məqsəd deyil, sadəcə, vasitədir". "Olaylar"ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun dəyişikliyin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib. Komitə sədri bildirib ki, bu vasitə dövlətin haqsız rəqabətin qarşısını almasına, vergidən yayınma hallarının qarşısını almaq işinə kömək edəcək: "Qiymətlə keyfiyyətin əlaqəsi məsələsi üçün bu qanun layihəsi hüquqi əsaslar yaradır. Bundan sonra alkoqollu içkilər üçün minimum qiymətin müəyyən olunması qaydası hazırlanacaq. Bu, bazara müdaxilə deyil. Burada dövlət qiymət müəyyənləşdirmir. Burada bazar prinsiplərinə də müdaxilə olunmur. Hər bir məhsulun qiyməti maya dəyərindən və istehsal xərclərin formalaşır. Birinci mərhələdə araq nəzərdə tutulur. Minimum qiymətə dövlətə ödənilməli olan aksizlər də daxil ediləcək. Bazarda 1-3 manata araq məhsulları satılır. Halbuki 1 litr araq üçün aksiz vergisi 4,8 manatdır. Bu necə ola bilər ki, 1-3 manata araq satıla bilər?! Burada vergidən yayınma halı var. Bizim milli iqtisadiyyatımızın sütunları var. Neft sənayesi ilə yanaşı bizim qeyri-neft sənayemiz var. Bunlardan biri içki istehsal edən sənaye müəssisələrimizdir. Haqsız rəqabətə, qanunsuz sahibkarlığa görə o müəssisələrdə işçi qüvvəsi ixtisar olunur, işsizlik yaranır. İstənilən halda bazar iqtisadiyyatı haqlı rəqabətin olduğu iqtisadiyyatdır. Bazar iqtisadiyyatında birinci öhdəlik sahibkarların dövlət qarşısında öhdəliklərinin yerinə yetirilməsidir. Bu layihənin həm iqtisadi, həm də sosial hüquqi aspektləri var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31