Rabitə sahəsində çalışan işçilərin sosial müdafiəsi gücləndirilir

Son 10 il ərzində informasiya və rabitə sektorunda çalışan işçilərin orta aylıq əməkhaqları 5,4 dəfə artırılaraq, 670 manata çatdırılıb ki, bu da respublika üzrə orta aylıq əməkhaqqından 1,6 dəfə yüksəkdir. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən "Olaylar"a verilən məlumata görə, hazırda telekommunikasiya sektorunda özəl sahə üzrə orta aylıq əməkhaqqı isə 1421 manat təşkil edir.Eyni zamanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) strukturuna daxil olmayan tabeliyindəki qurumlarda çalışan işçilərin orta aylıq əməkhaqları son 5 ildə orta hesabla 50 faiz artırılaraq, 233 manatdan 346 manata çatdırılıb, o cümlədən telekommunikasiya sektorunda 306.6 manatdan 416.3 manata, poçt sahəsində isə 106.9 manatdan 202.2 manata yüksəlib. 2013-cü il ərzində rabitə və birlik  müəssisələri üzrə "Teleradio" İB-də 15 faiz, "Aztelekom" İB-nin 12 TKQ-si üzrə və HMİ-də 10 faiz əməkhaqqı artımı olub.Bu istiqamətdə müəyyən işlər görülsə də, RİTN üzrə orta aylıq əməkhaqqı respublika üzrə orta aylıq əməkhaqqından 20 faiz, poçt sahəsində isə 2 dəfə aşağıdır. Rabitəçilərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədilə RİTN-in kollegiya qərarına əsasən, cari ilin 01.10.2013-cü il tarixindən RİTN-in tabeliyində olan müəssisələrdə çalışan işçilərin əməkhaqlarının 10% artırılması rabitə müəssisələrinə tapşırılıb.Qeyd edək ki, cari ilin 9 ayının nəticələrinə görə, ölkənin informasiya və rabitə sektoru üzrə orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.8% artırılaraq 669,6 manata çatdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31