Bakıda “PAŞA Holding”in təşkil etdiyi “INMerge” İnnovasiya Sammiti davam edir
11 Oktyabr 10:03 İqtisadiyyatBakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge" İnnovasiya Sammitinin 2-ci gününə start verilib.
Olaylar xəbər verir ki, bu illik sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.
Bu gün "INMerge" İnnovasiya Sammitində "YouTube"-un həmtəsisçisi Stiv Çen, "Amazon"-un vitse-prezidenti və texniki direktoru Verner Vogels, "PASHA Holding"-in icraçı direktoru Cəlal Qasımov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədri İnarə Vəliyeva, "Avito"-nun keçmiş baş direktoru Vladimir Pravdivıy da təsdiqlənmiş spikerlər arasında yer alıb. Onlara "Paradox Strategies" və "InnovationForce"un təsisçisi, Harvard Biznes Məktəbinin professoru Linda Hill, həmçinin Stenford Universitetinin professoru İlya Strebulayev çıxış edəcəklər.
Qeyd edək ki, "INMerge" İnnovasiya Sammiti "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilib. Sammit, fintex, telekommunikasiya, elektron ticarət və digər sahələrdən olan innovatorları, investorları və sahənin nüfuzlu liderlərini bir araya gətirir. "INMerge" həm də iştirakçılara mühüm tərəfdaşlıqlar bağlamağa, əməkdaşlığı inkişaf etdirməyə və regionun liderləri və innovatorları ilə beynəlxalq əlaqələr qurmağa imkan verən strateji şəbəkə mərkəzidir.