Özbəkistan rəqəmsal iqtisadiyyatın inkişafına aktiv şəkildə yönəlib - Nazir müavini
10 Oktyabr 13:14 İqtisadiyyatÖzbəkistan rəqəmsal iqtisadiyyatın inkişafına aktiv şəkildə yönəlib.
Olaylar xəbər verir ki, bu barədə Özbəkistanın rəqəmsal texnologiyalar nazirinin müavini Olimjon Umarov Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge" İnnovasiya Sammitində deyib.
O qeyd edib ki, yeni iqtisadiyyat rəqəmsal transformasiya, innovasiyalar və biliklərin birləşməsidir və onun əsas diqqəti texnoloji irəliləyişə yönəlib.
"Özbəkistan hökuməti IT sektorunun, yaradıcılıq sənayesinin və innovativ biznesin, xüsusilə də startap ekosisteminin inkişafına xüsusi əhəmiyyət verir. Yeni iqtisadiyyat, kənd təsərrüfatı, sənaye və informasiya texnologiyaları kimi ənənəvi sektorlarda rəqəmsallaşma və innovasiyaların tətbiqi ilə formalaşır, eləcə də IT xidmətləri, elektron ticarət və maliyyə texnologiyalarını əhatə edən rəqəmsal ekosistem yaradılır. Bu strategiyanın əsas elementi insan kapitalının təhsil və innovasiyaları dəstəkləyən infrastruktur vasitəsilə inkişafıdır. Ümumilikdə, Özbəkistan aktiv şəkildə rəqəmsal iqtisadiyyatın inkişafına yönəlib", - o qeyd edib.
Nazir müavini vurğulayıb ki, bu strategiyanın həyata keçirilməsi üçün hökumət IT parkı, innovasiya parkı və akseleratorları əhatə edən güclü bir ekosistem yaradıb.
"Keçən il investisiyaların həcmi 350 milyon dollar təşkil edib, bu ilin son 9 ayında isə bu rəqəm artıq 500 milyon dollara çatıb. Məqsəd 5 milyard dollara çatmaqdır. Bunun üçün insanları rəqəmsal bacarıqlara yiyələnməyə hazırlamaq lazımdır. Xüsusi təhsil platforması çərçivəsində təxminən 1,3 milyon gənc artıq IT sertifikatları alıb ki, bu da rəqəmsal savadlılığın artmasına kömək edir. IT şirkətləri və outsorsinq şirkətləri üçün Özbəkistan vergi güzəştləri təqdim edir və normativ tənzimləməni asanlaşdırır", - o əlavə edib.
Nazir müavini qeyd edib ki, islahatlar rəqəmsal bizneslər üçün hüquqi çərçivəni müasirləşdirib və onlayn ticarəti asanlaşdırıb.
Qeyd edək ki, "PAŞA Holding"in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.