Azərbaycan 3-cü "Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr" (NDC) sənədini hazırlayır - Rəna Hümbətova
4 Oktyabr 15:21 İqtisadiyyatAzərbaycanın istixana qazı emissiyalarının azaldılması üzrə 3-cü "Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr" (NDC) sənədini COP29-dan əvvəl təqdim ediləcək.
Olaylar xəbər verir ki, bu barədə Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova Bakıda keçirilən "İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi" çərçivəsində beynəlxalq konfransın son günündə "İstixana qazı emissiyaları anlayışımızda inqilab: empirik məlumatların, süni intellektin və qabaqcıl analitikanın rolu" mövzusunda keçirilən panel müzakirəsində bildirib.
Rəna Hümbətova bərpa olunan enerji mənbələrinin enerji sisteminə təsirini nəzərə alaraq, davamlı enerji modellərinin hazırlanması və tətbiqinin vacibliyini vurğulayıb.
"Biz bərpa olunan enerji barədə danışanda onun enerji sisteminə təsirini nəzərə almaq vacibdir. Müxtəlif dəyişən amilləri, məsələn, iqlim şəraiti, resursların mövcudluğu və onların ümumi enerji balansına təsirini də kompleks şəkildə modelləşdirmək lazımdır. Bərpa olunan mənbələri ümumi sistemə düzgün inteqrasiya etmək üçün bütün bu parametrləri nəzərə almalıyıq", - R.Hümbətova bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan 3-cü "Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr" (NDC) sənədini hazırlayır.
"1-ci sənəd istixana qazı emissiyalarını 35 faiz, 2-ci sənəd isə 40 faiz azaldılmasını nəzərdə tuturdu. İndi biz imkanlarımızı yenidən nəzərdən keçirdik və karbon neytrallığına (NetZero) yaxınlaşmağı hədəfləyirik. Bunun üçün digər ölkələrin təcrübəsini öyrəndik, onların strategiyalarını qiymətləndirdik və belə dəyişikliklərin uğurla həyata keçirilməsi üçün nə qədər sərmayə lazım olduğunu müəyyən etdik. Sənəd hər 5 ildən bir yenilənir. Biz yeni sənədi COP29 konfransından əvvəl təqdim etməyi planlaşdırırıq", - o əlavə edib.