Bakıda “İqlim üzrə Fəaliyyət Həftəsi”nin 4-cü gününə start verilib (FOTO/VİDEO)

Bu gün Bakıda COP29-a həsr olunmuş "İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi" çərçivəsində keçirilən beynəlxalq konfransın dördüncü gününə start verilib.

Olaylar xəbər verir ki, konfransın 4-cü günündə əsas mövzular "Qlobal metan emissiyalarının azaldılmasının təşviqi (AGMR) - təsir üzrə konfrans", "Azərbaycanda İqlim Dəyişmələri üzrə Universitet Şəbəkəsinin (AUNCC) yaradılması istiqamətində", və "İqlim və Təmiz Hava Koalisiyası (CCAC)" olub.

Çıxış edənlər arasında COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, COP29-da BMT-nin iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu (UN Climate Change High-Level Champion) Nigar Arpadarai, Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, COP29-un gənclər iqlim çempionu Leyla Həsənova, Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev, PAŞA Bank-ın baş direktoru və İdarə Heyətinin sədri Cavid Quliyev, SOCAR-ın vitse-prezidenti Əfqan İsayev, BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, BP-nin metan və KOB proqramları üzrə rəhbəri Sonna Satiamoorti (Sonna Sathiamoorthy), SLB-nin vitse-prezidenti Dryu Pomeranz (Drew Pomerantz) və digər rəsmi şəxslər yer alıb.

Qeyd edək ki, bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayacaq.

Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər və urbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kənd təsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşıl bacarıqlar" olacaq.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində şəhərin müxtəlif guşələrində bir çox tədbirlər təşkil ediləcək.

İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko bildirib ki, İtaliya su resurslarının idarə edilməsinin yaxşılaşdırılmasının vacibliyini dəstəkləyir.

"Biz, həmçinin, qlobal istiləşmə və iqlim dəyişikliyi problemlərini effektiv şəkildə həll etmək üçün əsas hədəf olaraq su resursları ilə bağlı infrastrukturu daha səmərəli istifadə edərək, kənd təsərrüfatının artırılmasını dəstəkləməyi də düşünürük", - o bildirib.

Bundan əlavə, səfir son 3 il ərzində İtaliya İnkişaf Əməkdaşlığı Agentliyinin su resursları ilə bağlı 465 milyon avro dəyərində dünya miqyasında 140 layihəni həyata keçirdiyini qeyd edib.

"Uzunmüddətli çoxtərəfli yanaşma prinsiplərinə sadiq qalaraq, İtaliya, xüsusən də UNESCO-nun Dünya Su Resurslarının Qiymətləndirilməsi Proqramı da daxil olmaqla, BMT-nin Proqramlar Şəbəkəsi çərçivəsində daha kompleks və koordinasiyalı yanaşmanı qətiyyətlə dəstəkləyir", - o əlavə edib.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel qeyd edib ki, Qazaxıstan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 15 faiz azaltmağı hədəfləyir, ama şərti məqsəd isə beynəlxalq maliyyə institutlarının əhəmiyyətli dəstəyi ilə istixana qazı emissiyalarını 2030-cu ilə qədər 25 faiz azaltmaqdır.

"Hazırda metan emissiyalarının azaldılması üzrə irimiqyaslı layihələrin həyata keçirilməsi yolları fəal şəkildə işlənilir. Bu sahədə potensialın artırılması üzrə normativ-hüquqi baza və bir çox digər layihələr hazırlanır", - o qeyd edib.

Səfirin sözlərinə görə, Qazaxıstan qlobal iqlim dəyişikliyi kontekstində iqlim dəyişikliyi, ətraf mühit problemləri və su qıtlığı ilə bağlı bütün çətinliklərə ciddi yanaşır.

"Ölkə, beynəlxalq iqlim müqavilələri çərçivəsində götürdüyü öhdəliklərin yerinə yetirilməsi üzərində işləyir. Qəbul edilmiş dayanıqlı inkişaf məqsədləri, milli gündəliyin ayrılmaz bir hissəsidir və ölkə onların reallaşmasına sadiqdir", - Bayel vurğulayıb.

O bildirib ki, Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevin təşəbbüsü ilə ölkə Xəzər dənizindəki ərazisində tarixi boyunca ilk dəniz mühafizə zonasını yaratmaq üzrə işlərə başlayıb ki, bu da onun ekosistemini və nadir məməli heyvanların, o cümlədən, Xəzər suitisinin yaşayış mühitini qorumaq məqsədini güdür.

Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma bildirib:

"Biz ölkələrimizin, Macarıstanın və Azərbaycanın, yerləşdiyi unikal coğrafi vəziyyətdən yararlanaraq, qlobal əhəmiyyətli məsələləri nəzərdən keçirməyə çalışırıq.

Macarıstan hazırda Avropa İttifaqında sədrliyi həyata keçirir və ümumilikdə Avropa İttifaqının rəqabət qabiliyyətinin artırılması Macarıstan sədrliyinin əsas məqsədlərindən biridir. Həmçinin, kənd təsərrüfatında dayanıqlılıq və innovasiyalara dəstək vermək sədrliyimizin vacib hissəsini təşkil edir. Buna görə də Avropa kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılmasına, eyni zamanda ekoloji cəhətdən təmiz texnologiyalardan istifadə etməklə ekoloji izlərin azaldılmasına xüsusi diqqət yetirilir", - səfir bildirib.

Səfir vurğulayıb ki, Macarıstan rəqabətədavamlı, resursları səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan, biliklərə əsaslanan və innovativ kənd təsərrüfatı və qida sənayesinin yaradılmasını hədəfləyir.

"İnnovativ kənd təsərrüfatı və qida sənayesi iqtisadi sarsıntılara və hazırkı istehsala birbaşa təsir göstərən təbii amillərə daha dayanıqlı olmalıdır", - T.Torma əlavə edib.

Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov bildirib ki, dünyada istixana qazlarının təxminən 70 faizi energetika sektoruna, 20 faizi isə kənd təsərrüfatına aiddir.

"Kənd təsərrüfatı, əslində, enerji sektorundan sonra ikinci ən əhəmiyyətli istixana qazı mənbəyidir. Kənd təsərrüfatını daha da vacib edən isə, hər şeyin onun necə müəyyən edilməsindən asılı olmasıdır", - o vurğulayıb.

Elnur Soltanov meşələrin və torpaqların böyük miqdarda istixana qazlarını udduğunu qeyd edərək, bu ərazilərin çox dəyərli olduğunu və buna görə də insanların kənd təsərrüfatı bacarıqlarını yaxşı mənimsəməli olduqlarını bildirib.

"Bu, istixana qazlarının azaldılması baxımından çox vacibdir. Eyni zamanda, biz, əksər hallarda, Azərbaycanın da daxil olduğu bir çox iqtisadiyyatlardakı fermerləri müdafiə etməliyik, çünki onlar adətən iqlim təsirlərinə daha həssasdırlar. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə", - o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31