Vergilərlə bağlı ən çox müraciət Bakı şəhərindən edilir
10 Oktyabr 2013 17:22 İqtisadiyyat2013-cü ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi tərəfindən 197 min 4 müraciət cavablandırılmış, vergi ödəyicilərinə 367 min 282 sayda mesaj göndərilməklə onların məlumatlandırılması təmin edilmişdir. Nazirliyin Analitik İnformasiya Şöbəsindən "Olaylar"a verilənm məlumata görə, Telefon Məlumat Xidmətinə daxil olmuş müraciətlərin 139 min 18-i canlı rejimdə müfəttiş-operatorlar, 57 min 986-sı səsli menyu vasitəsilə elektron operator tərəfindən cavablandırılmışdır. Müfəttiş-operatorlar tərəfindən cavablandırılmış suallar arasında vergi növləri (12,4%), elektron xidmətlər - elektron imza və Asan İmza simkartının əldə edilməsi (28%), hesabatlar və onların doldurulma qaydaları (9,2%), qeydiyyat (11,1%) barədə suallar, səsli menyu vasitəsilə qəbul edilmiş müraciətlər arasında isə vergi növləri (48,2%) və dövlət büdcəsinə olan vergi borcları (27,6%) barədə müraciətlər üstünlük təşkil etmişdir. Hesabat dövrü ərzində canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılmış müraciətlərin sayı 2012-ci ilin müvafiq dövrünə nisbətən 33,4% artmışdır. Ötən dövr ərzində vətəndaşlardan şikayət (ərizə) və məlumat xarakterli 1133 müraciət qəbul edilərək aidiyyəti üzrə göndərilmişdir. Canlı rejimdə vergi ödəyicilərindən daxil olan sual xarakterli müraciətlərin 98%-i müfəttiş-operatorlar tərəfindən dərhal, 2%-i isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavablandırılmışdır. Müraciətlərin 72,8%-i Bakı şəhərindən, 14,4%-i ölkənin müxtəlif bölgələrindən, qalanı isə mobil operatorlardan daxil olmuşdur.