Sağlam ətraf mühitdə yaşamaq hüququ vətəndaşların sosial mövcudluğu baxımından da mühüm əhəmiyyət kəsb edir - Ombudsman

"Azərbaycan Konstitusiyasının müvafiq maddəsi hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququnu təsbit edir. Bu hüququn təmin olunması insanlar üçün normal və təhlükəsiz həyat şəraitinin yaradılması, habelə digər hüquq və azadlıqlarının reallaşdırılmasında əsas şərtlərindən biri kimi çıxış edir".

Olaylar xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Hakimlər İttifaqı və Ali Məhkəmənin birgə təşkilatçılığı ilə "Hüquq və iqlim" (Law and climate) mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

S.Əliyeva qeyd edib ki, sağlam ətraf mühitdə yaşamaq hüququ vətəndaşların sosial mövcudluğu baxımından da mühüm əhəmiyyət kəsb edir.

"Son illər dünyada gedən ictimai-siyasi proseslər, informasiya texnologiyaları sahəsində inqilab cəmiyyətlə təbiət arasında ziddiyyətlərin pik həddə çatmasına səbəb olub. Ekoloji problemlər müharibə problemindən sonra dünyada birinci sırada dayanır. Ekologiyanın qorunub saxlanması vacib şərt olaraq bəşəriyyət qarşısında həllini gözləyən vəzifələrdən biridir. Torpaq, su və meşə ehtiyatlarının qorunması, ekoloji dayanıqlığın təmin edilməsi zəruri məsələlərdir.

İqlim dəyişikliyi ilə mübarizədə çox vacib təşəbbüs olan COP tədbiri xüsusi əhəmiyyət kəsb edir. Cari ildə Azərbaycanın bu mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizə göstərilən etimadın ən bariz nümunəsidir" -, deyə Ombudsman qeyd edib.

Qeyd edək ki, Bakıda Ali Məhkəmə və Azərbaycan Hakimlər İttifaqının təşkilatçılığı ilə "Hüquq və iqlim" mövzusunda beynəlxalq konfrans keçirilir.

Tədbirdə Hakimlər İttifaqının sədri Ramiz Rzayev, COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Ali Məhkəmənin sədri İnam Kərimov, Beynəlxalq Hakimlar İttifaqının (IA) prezidenti Duro Sessa, Ombudsman Səbinə Əliyeva, Türkiyənin Konstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcı və digər şəxslər iştirak edir.

Tədbirin məqsədi hüquq ictimaiyyətinin diqqətinin iqlim dəyişikliyi ilə bağlı dünyada gedən proseslərə cəlb edilməsi, bu sahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədə məlumatlılığın artırılmasıdır.

Konfransda "İqlim dəyişikliyi üzrə BMT-nin Çərçivə Konvensiyası: Kiyoto, Doha və Paris əlavələri", "Iqlim dəyişikliyi və insan hüquqları: çağırışlar və hüquqi tənzimlənmə", "İqlim dəyişikliyi ilə bağlı mübahisələr üzrə milli və beynəlxalq məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi xüsusiyyətləri", "İqlim dəyişikliyi ilə bağlı hədəflərdə ekoloji cinayətkarlıqla mübarizənin rolu: beynəlxalq və milli kontekst" və bir sıra digər mövzularda müzakirələr təşkil ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31