COP29 ilə əlaqədar elektron viza portalı istifadəyə verilib (YENİLƏNİB)

COP29 iştirakçılarının viza müraciəti prosesini sadələşdirərək onların Bakıya səfərlərinin rahat və səmərəli şəkildə təmin edilməsi məqsədilə COP29 xüsusi vizasının əldə edilməsi üzrə müvafiq portal istifadəyə verilib.

Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə "ASAN Viza" portalının COP29-la bağlı xüsusi viza müraciəti modulu www.evisa.gov.az/cop29, yaradılıb. Dünyanın 200-ə yaxın ölkəsindən on minlərlə iştirakçının COP29-a qatılacağı nəzərə alınaraq portal ingilis, alman, fransız, ispan, ivrit, italyan, rus, ərəb, fars, Çin və Koreya dillərində fəaliyyət göstərir. Portal 24/7 rejimdə dəstək və tam elektron, kağız sənədsiz viza prosesini təklif edir.

Qeyd edək ki, www.evisa.gov.az/cop29 portalı vasitəsilə COP29 xüsusi vizası əldə etmək istəyən rəsmilər, nümayəndə heyətləri və digər qonaqların öncə UNFCCC-nin onlayn qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçmələri tələb olunur. COP29 xüsusi vizası müraciət ərizələrinin tamamlanmasından sonra 3 iş günü ərzində ödənişsiz şəkildə əldə edilə bilər.

COP29 xüsusi vizasının əldə olunması qaydaları ilə elektron təlimat və məlumatlandırıcı videoçarx vasitəsilə tanış olmaq mümkündür.

xxx

15:32

COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verilib.

Olaylar.az xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) katibliyindən bildirilib.

Məlumata görə, hökumət rəsmi elektron vizalar portalı, eləcə də Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə xüsusi giriş vizaları verəcək.

COP29 vizası, rəsmi elektron vizalar portalında və ya diplomatik nümayəndəliklərdə tam onlayn müraciət təqdim edildikdən sonra üç iş günü ərzində verilir.

Qeyd edək ki, 25 sentyabr tarixində Azərbaycan BMT-nin 79-cu Baş Assambleyasında Qlobal İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq təşkil edəcək.

Noyabr ayında Azərbaycanda keçiriləcək BMT İqlim Dəyişikliyi Konfransının (COP29) 29-cu sessiyası haqqında qərar ötən ilin dekabrında Dubayda keçirilmiş COP28 plenar iclasında qəbul edilmişdi. Bakı 2 həftə ərzində təxminən 70-80 min xarici qonağı qəbul edəcək.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilmiş Yer kürəsi Sammitində imzalanmış, iqlim sisteminə insan müdaxiləsini önləmək məqsədini güdür. COP (Conference of Parties) "Tərəflər konfransı" deməkdir və Çərçivə Konvensiyasının həyata keçirilməsini nəzarət edən ən yüksək qanunverici orqandır.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin başqa bir həlli yoxdursa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci il mart ayında Berlin şəhərində keçirilib və katibliyi Bonn şəhərində yerləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31