İtaliya nümayəndə heyəti COP29-un uğurlu olması üçün tam dəstək göstərəcək - Xüsusi nümayəndə

İtaliya nümayəndə heyəti COP29-da Bakıdakı iqlim zirvə toplantısının uğurla keçirilməsi üçün əlindən gələni edəcək.

Olaylar xəbər verir ki, bu barədə İtaliyanın iqlim dəyişmələri məsələləri üzrə xüsusi nümayəndəsi, professor Françesko Korvaro Bakıda keçirilən "İqlim Şəffaflığının Artırılması: Genişləndirilmiş Şəffaflıq Sistemində (ETF) Ümumi İştirakın Təşviqi" adlı yüksək səviyyəli dialoqda bildirib.

"Mən inanıram ki, BMT-nin Paris Sazişi çərçivəsində iştirakçı ölkələr arasındakı əməkdaşlıq, iqlim dəyişikliklərinin qarşısını almağa yönəlmiş mümkün həll yollarının tapılmasına gətirib çıxaracaq ki, bu da gələcək üçün çox önəmlidir", - o qeyd edib.

Onun sözlərinə görə, iqlim sahəsində şəffaf addımların olması məqsəd qoyulan hədəflərə çatmaq üçün vacibdir.

"Hamı bilir ki, COP29-da iqlim maliyyələşdirilməsi müzakirə olunacaq, və bunun üçün milli səviyyədə BTR - 2 illik şəffaflıq hesabatları və kollektiv səylər önəmlidir. Heç bir ölkə təkbaşına iqlim dəyişiklikləri ilə mübarizə apara bilməz. Biz həmişə iqlim və sülhün əhəmiyyətini xatırlamalıyıq", - o əlavə edib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31