COP29-da Orta Asiya ölkələri milli iqlim planlarını təqdim edəcəklər - Nazir
3 Sentyabr 2024 11:10 İqtisadiyyatAzərbaycanın COP29-a sədrliyi çərçivəsində Mərkəzi Asiya ölkələri öz milli iqlim planlarını (NDP) təqdim etməyi və qlobal iqlim dəyişiklikləri ilə mübarizə üzrə təşəbbüslərini paylaşamağı planlaşdırırlar.
Olaylar xəbər verir ki, bu baradə Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi naziri Aziz Abduhakimov yüksək səviyyəli dialoq çərçivəsində bildirib.
Onun sözlərinə görə, COP29-un noyabr ayında Bakıda keçirilməsi Mərkəzi Asiya üçün əhəmiyyətlidir.
"Özbəkistan Azərbaycanın qarşıdan gələn qlobal iqlim konfransı COP29-a hazırlıq səylərini alqışlayır", - o vurğulayıb.
Nazirin fikrincə, Bakıda keçiriləcək bu mühüm qlobal tədbir dünya miqyasında əhəmiyyət kəsb edəcək.
"İqlim dəyişikliyi ilə mübarizə üzrə bir neçə mühüm sənədin qəbul olunması nəzərdə tutulur və Özbəkistan bütün təşəbbüsləri dəstəkləyəcək", - o əlavə edib.
Qeyd edək ki, Azərbaycan 25 sentyabr 2024-cü il tarixində BMT-nin 79-cu Baş Assambleyasında qlobal iqlim şəffaflığı üzrə yüksək səviyyəli dialoq təşkil edəcək.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.