Yumurta ölçülü daş 30.000.000 $-a satıldı
2011-ci ildə aşkarlanmış almaz Amerika Gemologiya İnstitutu tərəfindən qiymətləndirilmiş ən iri almaz olub
8 Oktyabr 2013 20:56 İqtisadiyyatHonq Konqda kiçik yumurta ölçülü ağ briliyant hərracda 30.6 milyon dollara satılıb. Afrikadan olan 118 karatlı qiymətli daş uğrunda hərracda mobil telefonla 2 potensial alıcı arasında gərgin rəqabət getsə də, 6 dəqiqədən sonra onlardan biri hərracdan çıxmalı olub. Bununla qiymətli daş indiyənə kimi hərracda satılmış ən bahalı ağ briliyant kimi tarixə düşüb. Bundan əvvəlki rekord may ayında Cenevrədə Kristiz Hərrac evində qeydə alınıb və ağ briliyant 26.7 milyon dollara satılıb. Honq Konqdakı hərracı keçirmiş Sozebi evi briliyantın cilalanmazdan əvvəl 299 karatlı almaz şəklində 2011-ci ildə aşkarlandığını deyərək, bunun Amerika Gemologiya İnstitutu tərəfindən qiymətləndirilmiş ən iri almaz olduğu açıqlayıb. Hərrac evi onun Afrikanın cənubunda aşkarlandığını bildirsə də, anonimlik tələbləri ilə əlaqədar istehsalçı ölkənin adını açıqlamayıb. Qeyd edək ki, bu Honq Konq hərracının satdığı yeganə bahalı daş-qaş olmayıb. Hərracın digər ulduzuna çevrilmiş 7.6 karatlı parlaq mavi briliyant nə az nə çox 16.1 milyon dollara satılıb.