3562 vergi ödəyicisi qanunvericiliyi pozub

2013-cü ilin sentyabr ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 3562 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib. Vergilər Nazirliyindən "Olaylar"a verilən məlumata görə,  2218 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 451 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 194 vergi ödəyicisinin  vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi,  285 vergi ödəyicisinin xüsusi razılıq  (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib. Operativ nəzarət tədbirləri zamanı  296  vergi ödəyicisi tərəfindən 614 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 120  vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı,  18  vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 507 ədəd mal olduğu aşkarlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31