“Azəriqaz” xəbərdarlıq etdi
6 İyul 2012 20:03 İqtisadiyyatARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi xəbərdarlıq edib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi əhali kateqoriyasından olan abonentlərin bir sıra hallarda qaz cihazları, xüsusilə də qaz sayğacları ilə düzgün davranmadıqlarını nəzərə alaraq, vətəndaşları xəbərdar edir ki, dövlət yoxlamasından keçmiş mexaniki qaz sayğacları müvafiq yerdə quraşdırıldıqdan və plomblandıqdan sonra abonent, yaxud hər hansı bir kənar şəxs tərəfindən müdaxilə yolverilməzdir. "Azəriqaz"-ın yerli Qaz İstismar Sahəsinin nəzarətçiləri ayda bir dəfədən az olmayaraq abonentin sayğacına baxış keçirir və onun göstəricisini qeydə alırlar. Nəzarətçi tərəfindən aylıq baxış keçirildiyi zamanı sayğacın işləməməsi aşkar edildikdə, yaxud nəzarətçidə sayğacın düzgün işləməsinə şübhə yarandıqda müvafiq akt tərtib olunur və sayğac növbədənkənar dövlət yoxlamasına göndərilmək üçün çıxarılır. Belə hallarda aparılan yoxlama nəticəsində sayğaca müdaxilə olub-olmadığı müəyyən edilir. Sayğaca müdaxilə ilə bağlı və ya sayğacın istifadəyə yararlı olub-olmaması barədə xüsusi formada rəsmi rəy verilir.
Bəzi hallarda sayğac dövlət yoxlamasına göndərilmədən ona müdaxilə edildiyi vizual baxışla müəyyən edilir (məsələn, sayğacın ekranının və ya gövdəsinin deşilməsi, yaxud sındırılması, plombun sınmış vəziyyətdə olması, yaxud yerində olmaması və s.). Bu hallarda nəzarətçi tərəfindən müvafiq akt tərtib edilir və tərtib edilmiş akt abonent, yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən də imzalanır. Abonent, yaxud onun səlahiyyətli nümayəndəsi aktı imzalamaqdan imtina etdikdə həmin aktın düzgün tərtib edildiyini təsdiq etmək üçün "Azəriqaz"-ın yerli Qaz İstismar Sahəsinin daha bir səlahiyyətli mütəxəssisi (adətən xidmət sahəsinin rəisi) onu imzalayır. Abonent tərəfindən sayğaca hər hansı bir ehtiyatsızlıq nəticəsində zərər toxunduqda, o bu barədə dərhal yerli Qaz İstismar Sahəsini xəbərdar etməlidir. Sahə mütəxəssisi yaranmış vəziyyəti yerində araşdırır və müvafiq akt tərtib edir. İstehlakçının ehtiyatsızlığı nəticəsində sayğaca, yaxud plomba dəymiş ziyan "Azəriqaz" tərəfindən sayğaca müdaxilə kimi qiymətləndirilə bilər. Buna görə də hər bir halda sayğac quraşdırılan yerdə təmir və digər işlər görülərkən sayğac və plombun toxunulmazlığı abonent tərəfindən təmin edilməlidir.
Əhalinin nəzərinə çatdırılır ki, sayğaca müdaxilə faktının təsdiq edilməsi barədə yerli Qaz İstismar Sahəsi tərəfindən müvafiq akt tərtib edildikdə, yaxud müvafiq qurumun yazılı rəyi verildikdə sayğaca müdaxilə nəticəsində "Azəriqaz"-a dəymiş ziyan abonent tərəfindən ödənilir. Bu halda abonent yeni qaz sayğacının alınması, dövlət yoxlamasından keçirilməsi, quraşdırılması və plomblanması xərclərini öz hesabına ödəməlidir.