“Halal” standartı ilə satışa çıxarılan məhsullar saxtadır
Eyyub Hüseynov: “Bu standartın normalarını öyrənmək üçün Malayziya, İndoneziya, İsrail və başqa ölkələrlə danışıqlar aparmışıq”
6 İyul 2012 16:45 İqtisadiyyatAzərbaycanda "halal" standartı ilə satışa çıxarılan məhsullar saxtadır. Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bəzi işbazlar "halal" standartı adı altında istehlakçıları çaşdırır, dini inancı olan insanların hissləri ilə oynayırlar. E.Hüseynov onu da qeyd edib ki, bir sıra ölkələrdə də bu yöndə araşdırma aparılır: "Bir çox ölkələrdə, o cümlədən Ermənistanda "halal" standartı adı altında satılan mallar görmüşəm. Bu standartın normalarını öyrənmək və araşdırmaq üçün Malayziya, İndoneziya, İsrail və başqa ölkələrlə danışıqlar aparmışıq. Türkiyədə xüsusən bu işdə maraqlı olan dini qurumlarla danışıqlar aparırıq. Bu məsələ ilə bağlı çoxsaylı görüşlərdə mənə verilən məlumatlar belə olub ki, bu vaxta qədər adı çəkilən müsəlman ölkələrində də "halal" standartını yaratmaq mümkün olmayıb. Türkiyəli həmkarlarımla söhbətdə belə qərara gəlinib ki, "halal" standartı "hasp" standartı üzərində yaranmalıdır". E.Hüseynov bildirib ki, "hasp" məhsulun tarladan istehlakçının stolunun üstünə çatdırılmasına kimi izlənməsi standartıdır.