Vətəndaşlar niyə bəzi banklara etibar etmirlər? - AKTUAL
4 Oktyabr 2013 14:19 İqtisadiyyatMərkəzi Bankın valyuta ehtiyatları artmaqda davam edir. Belə ki, bankın valyuta ehtiyatları 2013-cü ilin 9 ayı ərzində 1 568 mln. ABŞ dolları (13,4 %) artaraq, dövrün sonuna 13 262,7 mln. ABŞ dollar təşkil edib. Maraqlı məsələ ondan ibarətdir ki, Azərbaycan vətəndaşları valyuta ehtiyatlarının ilbəil artması fonunda bank sektorunun xidmətlərindən nə dərəcədə istifadə edə bilirlər və banklara olan etimad hansı səviyyədədir? İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Azərbaycanda bank sektorunun vəziyyəti ilə bağlı bütün göstəricilər onu deməyə əsas verir ki, bu sektor son illər inkişaf dinamikasını yaşayır: "Konkret olaraq Azərbaycanda bank sektoru son 3 ildə yeni mərhələyə qədəm qoyub. Nəzərə alsaq ki, 2014-cü il yanvarın 1-dən etibarən bankların nizamnamə kapitalları 5 dəfə artırılaraq 50 milyon manata çatdırılacaq, o baxımdan güman olunur ki artıq gələn ildən başlayaraq bank sektorunda yeni bir mərhələ yaranacaq. Təbii ki, bu bankların effektivliyinin artırılması formasında özünü göstərəcək. Eyni zamanda nizamnamə kapitalının artırılması bankların rəqabət aparma qabiliyyətini də artıracaq. Nəzərə alsaq ki, artıq bank sektorunda daha güclü banklar qalacaq, bu hal güclü banklar fonunda daha ciddi rəqabətin formalaşmasına imkan verəcək. Bundan başqa, nizamnamə kapitalının artırılması ilə bağlı həyata keçirilən islahat banklara inamın artırılmasına nail olmağa imkan yaradacaq". Ekspertin bildirdiyinə görə, banklara əmanət qoyuluşlarındakı artım onu göstərir ki, vətəndaşların banka olan inamında artım var: "Amma eyni zamanda əmanət qoyuluşunu əhalinin gəlirləri ilə müqayisə etsək görərik ki bütövlükdə əhalinin əldə etdiyi gəlirlərin təxminən dörddəbiri əmanət formasında banklarda yığılır. Əhalinin gəlirlərinin cəmi 5 %-nin banklarda saxlanılması banklara inamın artmasına baxmayaraq hələ də vətəndaşların bir qisminin vəsaitlərinin banklarda deyil, evdə və ya bankdan kənar saxlanılması halları mövcuddur. Amma bütün bunlara baxmayaraq banklara inamın artması müşahidə edilir. Sözsüz, Azərbaycanda kommersiya bank sektoru yeni formalaşmış sahədir. Xüsusən 90-cı illərin əvvəllərində müşahidə edilən müflisləşmədən sonra müəyyən zaman tələb edildi ki, banklar əhalinin inamını geri qaytara bilsinlər". Onun sözlərinə görə, vətəndaş bankı seçərkən çox diqqətli olmalıdır. Əmanətlərin yerləşdirilməsi zamanı, banklarla əməkdaşlıq edən zaman bankın ümumi aktivlərinin öyrənilməsinə ehtiyac var. İstənilən bank haqqında vətəndaş, yaxud müştəri həmin kommersiya bankının internet səhifəsinə daxil olmaqla kifayət qədər geniş məlumat əldə edə bilər. Amma buna baxmayaraq vətəndaşlar, eləcə də əmanətçilər əmanəti yerləşdirən zaman çox diqqətli olmalıdır. Diqqət edilən birinci məqam o olmalıdır ki, əmanətçi bilməlidir ki, əmanət yerləşdirdiyi Kommersiya Bankı Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, ya yox. Əgər bank fondun üzvü deyilsə bu o deməkdir ki, həmin əmanətçinin əmanəti heç bir halda sığortalanmır. Vətəndaş çalışmalıdır ki, əmanətlərin sığortalanması fondunun üzvü olmayan kommersiya banklarında əmanətlərini yerləşdirməsin. Çünki bu halda onların əmanətləri sığortalanmır, təbii ki, həmin əmanətlərin riski daha yüksək olur". Ekspert qeyd edib ki, hazırda bankların aktivləri 18,6 milyard manatdır və son illər bankların aktivlərindəki artım tempi ikirəqəmlidir. Eyni zamanda, aktivlərlə müqayisədə banklar tərəfindən 13,8 milyard manatlıq kredit qoyuluşu həyata keçirilib. Həmçinin banklar tərəfindən cəlb edilən əmanətlərin məbləği 6 milyard manatdan çoxdur və əmanətlərin bankların kredit qoyuluşundakı payı təxminən 45%-ə yaxındır: "Faktiki olaraq banklar həyata keçirdikləri kredit ortamından əhəmiyyətli hissəsini və ya yarıdan çoxunu cəlb edilən əmanətlərdən kənar mənbələr hesabına toplayır ki, o mənbələrin bir qismi bankların Mərkəzi Bankdan cəlb etdiyi mərkəzləşdirilmiş kredit resurslarıdır, yaxud kommersiya banklarının xarici mənbələrdən cəlb etdiyi resurslardır. Bankların verdikləri kreditlər, yerləşdirdikləri kredit resursları üzrə faizlər, eləcə də kreditlərin geri qaytarılması bankların kredit portfelinin formalaşmasına imkan verir. Bu səbədən 2013-cü ildə bank sektoru bütövlükdə nizamnamə kapitalının artırılması, bank sektorunda rəqabətliliyin müdafiə olunması baxımından artıq yeni bir mərhələdədir. Və təbii ki növbəti ildən etibarən nizamnamə kaptalının artırılması banklar üçün yeni bir eranın yaranmasına səbəb olacaq".
Alim