Yanacağın bahalaşması bu malların qiymətinə TƏSİR EDƏCƏK
1 İyul 2024 17:08 İqtisadiyyatAzərbaycanda dizel yanacağının qiymətinin 20 qəpik artırılmasının yükdaşıma xidmətlərinin və kənd təsərrüfatı mallarının da bahalaşmasına səbəb olacağı gözlənilir.
Olaylar.az bildirir ki, yükdaşıma üçün istifadə edilən avtomobillərin böyük hissəsi dizel yanacağı ilə işləyir. Dizelin bahalaşması yükdaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərin yanacaq xərclərini 25 faiz artıracaq. Yükdaşıma xərclərinin artması öz növbəsində kənd təsərrüfatı mallarının dəyərinə də təsir edəcək. Xüsusən uzaq məsafədə yerləşən bazarlara çatdırılan kənd təsərrüfatı məhsullarının qiymətində artım qaçılmaz olacaq.
Bu baxımdan Bakıda da qiymətlərin artıması gözlənilir. Bununla belə qeyd edək ki, mövsümi amillərin təsiri ilə iyul, avqust, hətta sentyabr aylarında meyvə, tərəvəz və bostan məhsullarının qiymətində dəyişiklik müşahidə edilməyə bilər. Çünki mövsümdə amillərlə əlaqədar bazara çıxarılan məhsulların bol olması qiymətlərin əvvəlki aylara nisbətən azalmasına səbəb olur. Son 3 ayda ardıcıl şəkildə kənd təsərrüfatı mallarının ucuzlaşması da bununla bağlıdır.
Buna görə də hələ bir müddət kənd təsərrüfatı mallarının qiymətində artım baş verməyəcək, lakin ucuzlaşma ehtimalı da aradan qalxacaq.
Ucuzlaşmanın aradan qalxması məhz dizel yanacağının bahalaşması ilə əlaqədar olacaq. Payız aylarından isə kənd təsərrüfatı mallarının qiymətində artım aydın görünəcək. (Sfera)