"Abşeron" yatağında qaz və kondensat hasilatını artırmaq üçün potensial var - "TotalEnergies"

"Abşeron" yatağında qaz və kondensat hasilatını artırmaq üçün potensial mövcuddur.

Olaylar.az xəbər verir ki, bu barədə "TotalEnergies" şirkətinin Birgə müəssisə və inkişaf direktoru Ceyson Fiş 29-cu Bakı Enerji Forumu çərçivəsində "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu" panel müzakirəsində deyib.

Onun sözlərinə görə, yatağın işlənməsinin birincin mərhələsində 2023-cü ilin iyulunda başlanan qaz və kondensat hasilatı bu karbohidrogenlərin sürətlə hasil olunduğundan xəbər verir.

"2023-cü ildə "Abşeron" yatağının işlənməsinin birinci mərhələsində təqribən 800 milyon kubmetr qaz və 300 min ton kondensat hasil edilib. hazırda yatağın qarşıdakı ikinci inkişaf mərhələsi ilə əlaqədar bütün məsələləri araşdırırıq. Xüsusən müqavilə sahəsinin bir sıra hissələrində tədqiqat işləri, dərin sularda kəşfiyyat işləri aparılır", - Fiş deyib.

O, yataqda istixana qazlarının emissiyalarına ciddi nəzarət aparıldığını qeyd edib.

"Həmçinin metan emissiyalarına nəzarət avadanlığı quraşdırmışıq. Bütünlükdə "daha çox karbohidrogen, daha az emissiya" strategiyamıza əməl edirik", - o deyib.

Xatırladaq ki, yatağın müqavilə sahəsi 747 kvadrat kilometrdir, o, Bakıdan 100 km aralıda, dənizin 500 metr dərinliyində yerləşir. Ehtiyatları 350-400 milyard kubmetr qaz həcmində qiymətləndirilir. 2024-cü ilin yanvar-mart aylarında "JOCAP" əməliyyat şirkəti (yataqdan karbohidrogen hasilatına cavabdeh olan "Joint Operating Company of Absheron Petroleum B.V.") "Abşeron" yatağından 400 milyon kubmetr qaz və 140 min ton kondensat hasil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31