Naxçıvanda “Biomüxtəlifliyin dayanıqlığının təmin edilməsində yeni çağırışlar (COP29) - yaşıl dünya və insan sağlamlığı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib
6 İyun 2024 11:15 İqtisadiyyatNaxçıvan şəhərində "Biomüxtəlifliyin dayanıqlığının təmin edilməsində yeni çağırışlar (COP29) - yaşıl dünya və insan sağlamlığı" mövzusunda beynəlxalq elmi-praktik konfrans davam edir. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti (NDU), Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilən konfransın açılış tədbiri Nəbatat bağında olub.
Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edildiyini diqqətə çatdırıb.
Elbrus İsayev qeyd edib ki, dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29-un ölkəmizdə keçirilməsi siyasi və digər istiqamətlərlə yanaşı, Azərbaycanın iqtisadi və turizm cəhətdən də inkişafına töhfə verəcək.
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun direktoru professor Səyyarə İbadullayeva bildirib ki, ölkəmizin təbii zənginliklərinin dövlət səviyyəsində mühafizə edilməsi işi XX əsrin ikinci yarısından etibarən sistemli şəkildə həyata keçirilib. Azərbaycanda təbii sərvətlərin qorunması, yaşıllaşdırma proqramlarının gerçəkləşdirilməsi sahəsində əhəmiyyətli addımlar atılıb.
Konfransda AMEA-nın müxbir üzvü, NDU Tibb fakültəsinin Əczaçılıq və biokimya kafedrasının professoru Tariyel Talıbov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov, biologiya elmləri doktoru, professor Eldar Novruzov, Naxçıvan Dövlət Universitetinin prorektoru biologiya üzrə fəlsəfə doktoru Elsevər Əsədov, biologiya elmləri doktoru, dosent İsmayıl Məmmədov və biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova çıxış ediblər.
Çıxışında tədbirin təşkilatçılarına təşəkkürünü bildirən Samirə Bağırova Naxçıvan Muxtar Respublikası yaranması tarixindən danışıb. O, bildirib ki, muxtar respublikanın qurulması tarixi zərurət idi: "Naxçıvan Azərbaycan torpaqlarına göz dikən mənfur düşmənlə qonşuluqda idi. Bu ərazinin qorunması üçün çevik siyasi idarəetmə lazım idi. Əhalinin əzmkarlığı, qəhrəmanlığı sayəsində Naxçıvan işğaldan qorundu.
Ulu Öndər Heydər Əliyevin hər iki hakimiyyəti dövründə Naxçıvanın sosial-iqtisadi inkişafına xüsusi diqqət ayrıldı. Naxçıvana olan xüsusi diqqət və qayğı Prezident İlham Əliyevin dövründə də uğurla davam etdirilir".
Bioloq alim qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması istiqamətində qlobal və ölkə miqyasında aparılan işlərdən bəhs edib.
Qeyd edib ki, "yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ölkə ərazisində xeyli yaşıllaşdırma işləri görülüb. Onun sözlərinə görə, rəhbərlik etdiyi " Dendrologiya bağı" Publik Hüquqi Şəxsin kollektivi də dövlət başçısının çağırışına qoşularaq ağacəkmə aksiyalarında və təmiz ətraf mühitin təbliği işlərində fəal iştirak edir.
Məruzələrdən sonra Botanika İnstitutunun təşkil etdiyi kitab sərgisinə baxış olub.
Daha sonra Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutu arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.
Qeyd edək ki, konfrans 2 gün ərzində 8 bölmədə öz işini davam etdirəcək.
Elmi-praktik konfransda "Dendrologiya bağı" Publik Hüquqi Şəxsin (PHŞ) kollektivi də iştirak edib.
"Dendrologiya bağı" PHŞ-nin əməkdaşları poster təqdimatlarla öz tezislərini nümayiş etdiriblər.



