"Masdar" Azərbaycanla tərəfdaşlığın genişləndirilməsindən qürur duyur - Sultan Əl Caber
4 İyun 2024 18:56 İqtisadiyyat"Masdar" Azərbaycanla tərəfdaşlığın genişləndirilməsindən qürur duyur.
Olaylar.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri, "Masdar" şirkətinin sədri, COP28-in prezidenti Sultan Əhməd Əl Caber bu gün Azərbaycanda 1 qiqavatt gücündə günəş və külək enerjisi stansiyaslarının təməlqoyma mərasimində deyib.
"Bərpa olunan enerji üzrə bu layihələrdə Azərbaycanla tərəfdaşlıq etməkdən və Azərbaycanın enerji diversifikasiyasına, yeni sənaye sahələrinin stimullaşdırılmasına, yeni iş yerlərinin yaradılmasına və dayanıqlı iqtisadi artıma sadiqliyini dəstəkləməkdən qürur duyuruq.
BƏƏ-də əldə olunmuş tarixi konsensusunun əsas elementi 2030-cu ilə qədər bərpa olunan enerji potensialının üç dəfə artırılması ilə bağlı hədəfdir. Ədalətli, nizamlı və bərabərhüquqlu enerji keçidini təmin etmək üçün bu kimi daha çox tərəfdaşlığa ehtiyacımız var", - o deyib.
Qeyd edək ki, üç layihəyə 445 MVt gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala günəş elektrik stansiyalarından və 240 MVt gücündə Abşeron-Qaradağ külək elektrik stansiyası daxildir. Layihələr üzrə investisiya razılaşmaları 2023-cü ilin oktyabrında əldə edilib, bundan sonra elektrik enerjisinin satın alınması, elektrik ötürülməsi xəttinə qoşulma və torpaq icarəsinə dair müqavilələr imzalanıb.
Bakı Enerji Həftəsinin açılışında keçirilən mərasim "Masdar" şirkətinin Azərbaycanla qlobal strateji tərəfdaş olaraq uzunmüddətli əməkdaşlığa sadiqliyini təsdiqləyir.