Bakı Enerji Həftəsi Azərbaycanın dünya enerji təhlükəsizliyinə verdiyi töhfəsini bir daha təsdiqləyir- ÖZƏL
4 İyun 2024 13:03 İqtisadiyyat"Azərbaycanda regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsinin keçirilməsini sıradan hadisə hesab etmək olmaz. Özündə 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "CaspianOil&Gas", 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "CaspianPower" və 29-cu Bakı Enerji Forumunu birləşdirən tədbir ölkəmizin enerji potensialının təqdimatı baxımından mühüm hadisədir". "Olaylar" xəbər verir ki, bunu deyən hüquqşünas Alim Hüseynlinin sözlərinə görə, tədbirə dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərin qatılması onun statusunu daha da artırır: "Ənənəvi enerji resursları sənayesini inkişaf etməkdə olan "yaşıl enerji" istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır. Belə ki, 2024-cü ildə Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin tədbirlər proqramında əks olunub. Bakı Enerji Həftəsi artıq enerji sektorundakı aktual məsələlərin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi bir platformaya çevrilib. Sözügedən tədbir dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyatı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələri və təşkilatları cəlb edir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirin təşkili ərəfəsində enerji sektoru nümayəndələrini bir araya gətirən Bakı Enerji Həftəsi Azərbaycanın enerji sektorundakı rolunu və dünya enerji təhlükəsizliyinə verdiyi töhfəni bir daha təsdiqləyir".