Azərbaycan Avropanın qaz təminatında iştirak edən mühüm dövlətlərdən biridir - ÖZƏL
3 İyun 2024 18:44 İqtisadiyyat"Bakı Enerji Həftəsinin açılışı sabah baş tutacaq. Xüsusilə də dünya üzrə neft sənayesinin nəhəng şirkətlərinin rəhbərləri Azərbaycana gələcəklər".
Bu sözləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.
"Burada Azərbaycanda neft-qaz sənayesi üzrə bu günə qədər keçirilmiş olan tarixi yol, tətbiq edilən yeni texnologiyalar, hasilat zamanı quyuların istismarı, daha çox neft və qazın səmərəli şəkildə hasilat təcrübələri dünya ölkələrinin nümayəndələri ilə bölüşdürüləcək.
Bundan başqa, bu sərgi Azərbaycanın neft və qaz potensialının beynəlxalq aləmdə qiymətləndirilməsi üçün geniş imkanlar yaradacaq. Əlbəttə ki, bunlar dövlətimizin beynəlxalq aləmdə olan nüfuzunun daha da artmasına və Azərbaycanın regionda geosiyasi, strateji mövqelərinin bir qədər də möhkəmlənməsinə səbəb olacaq. Xüsusilə də, Şahdəniz yatağı üzrə ikinci ehtiyat blokların işlənməsi məsələsi burada əsas önəm daşıyan məqamlardan biridir. Çünki Azərbaycan Avropanın qaz təminatında iştirak edən mühüm dövlətlərdən biridir və belə olduğu təqdirdə belə bir beynəlxalq tədbirin keçirilməsi əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzuna və həm də Avropa məkanı üçün inteqrasiya imkanlarını bir az da genişləndirir və bu meyllərin sürətlənməsinə gətirib çıxaracaq.
Bu baxımdan, keçirilən qeyd olunan tədbirlər Azərbaycan üçün vacib tədbirlərdir. Eyni zamanda, burada bir məqamı da qeyd etmək olar ki, yaşıl enerji ilə bağlı Azərbaycanın həyata keçirdiyi təşəbbüslər, bu istiqamətdə yatırılan investisiyalar daha çox təşviq olunacaq. Çünki hazırda neft ixracatçısı olan, neft hasil edən ölkələrlə bağlı qeyri-neft ölkələri arasında ciddi bir diplomatik gərginlik mövcuddur. Neft hasil edən ölkələrin ekologiya üçün daha böyük ziyan vurduğu kimi bir anlayışlar formalaşıb dünyada. Lakin Azərbaycan neft hasil edən ölkələr içində liderliyi qoruyub saxlayır. O baxımdan ki, Azərbaycan həm noyabrda COP29 beynəlxalq ekoloji tədbirə ev sahibliyi edəcək, eyni zamanda, Azərbaycanın yaşıl enerji ilə bağlı ekoloji tarazlığın bərpası və qorunması istiqamətində investisiyalar 2021-ci illə müqayisədə 2024-cü ildə 35%-ə qədər artırılıb. Yaşıllıq zolaqlarının salınması, yaşıllıq massivlərinin formalaşması, oksigen bankları, eyni zamanda, içməli su ilə bağlı istifadə məsələlərində qəbul edilmiş dövlət proqramları və s. bütün bunlar əlbəttə ki, kompleks şəkildə həm təcrübə olaraq, həm də görülmüş işlərin beynəlxalq hesabatı olaraq bu sərgilərdə göstəriləcək, dünyaya təqdim olunacaq. Bu baxımdan da hesab edirəm ki, bu tədbirlər kifayət qədər əhəmiyyətli tədbirlərdir".