Maliyyəçilər bu dəfə Şuşada "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" adlı forumda toplaşdılar. Financial Chain Corporation və Gənc Mühasiblər İctimai Birliyinin birgə təşkil etdiyi forum Qarabağ maliyyəçilərin gözü ilə və işğaldan azad olunmuş rayonlarımızın abadlaşması mövzusuna həsr edilmişdir.
Açılış nitqi ilə forum iştirakçılarını salamlayan FCHAIN-nin Baş direktor müavini Valid Hüseynov və Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva işğaldan azad edilmiş Qarabağımızda olmaqlarından böyük fəxr hissi duyduqlarını və bu qələbə uğrunda canından keçmiş igid oğul və qızlarımızın xatirəsini dərin ehtiramla andıqlarını bildirdilər.
Forumun spikerləri Mirəli Kazımov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini, Mehdi Babayev, Bakı Hesabat Mərkəzinin direktoru, Mehriban İmanova, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, Kamran Bağırzadə KOBİA-nın Regional layihələrlə iş və monitorinq şobəsinin müdiri, Əhməd Ədmədov, Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin idarə rəisi çıxışları zamanı işğaldan azad edilmiş ərazilərdə tədrisin inkışafını, vergi siyasətini, bu ərazilərə maliyyə axının cəlb edilməsini və ümumilikdə sahibkarlığın inkişafı perspektivləri ilə bağlı məsələləri diqqətə çatdırdılar.
Tədbirin sonunda forum iştirakçılarına sertifikatlar təqdim edildi.
Foruma böyük məmnuniyyətlə qatılaraq dəstəyini əsirgəməyən Zetash, Herrenknecht və digər müəssisə və şirkətlərə minnətdarlıq bildirildi.







