2035-ci ilədək Bakı limanı karbon neytrallığına nail ola bilər - Taleh Ziyadov

2035-ci ilədək Bakı Beynəlxalq Dəniz Ticarət Limanı karbon neytrallığına nail ola bilər.

Olaylar.az xəbər verir ki, bu barədə bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu"nda deyib.

Onun sözlərinə görə, xüsusən Avropa İttifaqının (Aİ) 8 proqramında iştirak yolu ilə limanın "yaşıl" transformasiyası prosesi 2016-cı ildən həyata keçirilir.

Xəzər dənizi regionunda ilk dəfə olaraq Avropa Limanlar Assosiasiyası tərəfindən "yaşıl" sertifikatı ilk olaraq Bakı Limanı alıb. Eyni zamanda, Qazaxıstanın Aktau limanının da bu sertifikatı almağına kömək edib.

T.Ziyadov qeyd edib ki, bu cür sertifikatların və müasir gəmilərin olması Xəzər dənizi üzərindən "yaşıl" nəqliyyat dəhlizinin yaradılması deməkdir.

Onun sözlərinə görə, Bakı Gəmiqayırma Zavodunda ciddi "yaşıl" Avropa standartlarına cavab verən müasir gəmilər inşa olunacaq (birinci mərhələ - 2030-cu ilə qədər olacaq).

Baş direktor bu cür gəmilərin zamanla ən təmiz yanacaq olan hidrogendən istifadə edəcəyini istisna etməyib.

Onun sözlərinə görə, Azərbaycanın gəmiçilik və gəmiqayırma sektoru "yaşıl" iqtisadiyyat yolu ilə gedir və müsbət nəticələr göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31