Rusiya və Qazaxıstandan Azərbaycana 4-5-ci sinif buğda idxal olunur - AÇIQLAMA
Vahid Məhərrəmov: “Qazaxıstandan Azərbaycana gətirilən edilən buğdanın yapışqanlığı 22 faizə bərabərdir”
5 İyul 2012 18:07 İqtisadiyyat"Azərbaycanda istehsal olunan buğda standartlara cavab vermədiyinə görə son 5-6 illərdə ölkənin ərzaq buğdasına olan tələbat Rusiya və Qazaxıstandan idxal olunan buğdanın hesabına ödənilir". Bunu "OLAYLAR"a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, Azərbaycanın ərzaq buğdasına olan təlabatı heç də hökumət vurğuladığı kimi 1 milyon 400 min deyil: "Ölkənin ərzaq buğdasına olan tələbat 1100- 1150 min tondur. Nəzərə alsaq ki hər il ölkəyə 1100- 1400 min ton buğda və bundan əlavə 100 min tondan artıq buğda unu idxal olunur tam məsuliyyətlə demək olar ki, çörək məhsullarına olan tələbatımızı artıqlaması ilə idxalın hesabına ödəyirik. İdxal olunan taxılın bir hissəsi pivə bişirmədə, spirtli içki istehsalında və digər sahələrdə istifadə olunur". Ekspert deyir ki, Qazaxıstandan Azərbaycana 700-800 min ton buğda ixrac edən şirkətin verdiyi məlumata görə, onların ixrac etdikləri məhsulun yəni yumşaq buğdanın yapışqanlığı 22 faizə bərabərdir: "Bu isə ən yaxşı halda həmin buğdanın 4 sinif yumşaq buğda olduğundan xəbər verir. Son zamanlar Qazaxıstan buğdasının keyfiyyətinin düşməsi dövlət rəhbərlərini də ciddi narahat edir. Belə ki, hələ 2010 -cu ilin mart ayında Qazaxıstan prezidenti N. Nazarbayev istehsal olunan buğdanın keyfiyyəti ilə bağlı Nazirlər Kabinetinin iclasını keçirmiş və həmin yığıncaqda məhsulun keyfiyyətinin ciddi aşağı düşdüyü vurğulayıb". V.Məhərrəmov onu da qeyd edib ki, ümumiyyətlə Azərbaycanda əvvəllər olduğu kimi buğda və un idxalı ilı məşğul olan sahibkarlar çalışır ki, daha ucuz məhsul alıb daha çox qazanc əldə etsin. Elə bu səbəbdən də idxal olunan yumşaq buğdanın keyfiyyəti 4-5 sinif standartına cavab verir. Bu standarta cavab verən yumşaq buğdadanın əksər sivil ölkələrdə çörəkbişirmədə istifadəsinə qadağa qoyulub. Əksər ölkələrdə 4-5 -ci sinif buğdadan əsasən mal-qara yemi kimi istifadə olunur.