"Dünyaya deyəcək sözümüz çoxdur"- COP29 Azərbaycana bir daha bu fürsəti verəcək

İlham Əliyev: "COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir"

Prezident İlham Əliyevin yürütdüyü balanslaşdırılmış daxili və xaric siyasəti nəticəsində Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkəyə çevrilib. Xüsusən,  Azərbaycan apardığı uğurlu xarici siyasət nəticəsində regionda liderliyini qoruyub saxlayır. Eyni zamanda, ölkəmiz Cənubi Qafqazın iqtisadi baxımdan da lider dövlətidir. Sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə getdikcə regionun iqtisadi, mədəni, o cümlədən elmi-intellektual mərkəzinə çevrilən Azərbaycan artıq müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə ev sahibliyi edir, sivil dünyanın nüfuzlu elmi, mədəni, siyasi elitasını Bakıda bir araya gətirir. Bu həm də,  Azərbaycanın beynəlxalq aləmdə, xüsusən Avropanın enerji təhlükəsizliyində oynadığı rolun nəticəsidir. Təsadüfi deyil ki, Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilib, 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatının sədri seçilib. Hazırda isə dünyanın ən mötəbər tədbirlərindən olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP29-a ev sahibliyi etməyə hazırlaşır. Yeri gəlmişkən qeyd edək ki, belə bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq imici baxımından olduqca əhəmiyyətlidir. Xüsusən, Azərbaycan həqiqətləri, Ermənistan-Azərbaycan münaqişəsi fövqündə regionda baş verən hadisələrin beynəlxalq aləmə doğru-düzgün çatdırılması üçün bir tribunadır. Elə dövlət başçısı İlham Əliyev də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda bildirib ki, bu, bizim üçün hekayəmizi diqqətə çatdırmaq fürsətidir: "Biz iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasını istəyirik. Eyni zamanda, bu, bizim üçün hekayəmizi diqqətə çatdırmaq fürsətidir. Siz tamamilə haqlısınız ki, bizim dünyaya deyəcək sözümüz çoxdur. Biz həqiqəti söyləməliyik və hesab edirəm ki, ev sahibliyi etməyin üstünlüklərindən biri on minlərlə qonağın gəlməsi olacaqdır. Onların əksəriyyəti buraya ilk dəfə səfər edəcək. Onlar iki həftə və hətta daha az vaxtda vəziyyəti qiymətləndirmək imkanı əldə edəcəklər. Özlərini necə hiss edirlər, ölkəni necə görürlər və bizim planlarımızın nədən ibarət olduğunu öyrənəcəklər".
Xatırladaq ki, Azərbaycanın son illər ərzində əldə etdiyi uğurlar, xüsusən siyasi, iqtisadi və sosial sahədəki nailiyyətləri bir çox ölkələr üçün nümunə kimi dəyərləndirilir. Paralel olaraq bölgədə baş verən dəyişikliklər, Azərbaycanın hərbi-siyasi və diplomatik uğurları danılmaz fakt kimi qəbul edilir. Məhz ölkəmizin uğurlarının beynəlxalq ictimaiyyətə çatdırılması baxımından COP29 kimi beynəlxalq tədbirilərin əhəmiyyəti danılmazdır. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın əldə etdiyi uğurlar həyata keçirilən düzgün taktika və siyasətin üzərində qurulub: "Siz də qeyd etdiyiniz kimi, sonuncu görüşümüzdən sonra çoxlu hadisələr baş verib. Bunların hamısı müsbət hadisələrdir, hər hansı geriləmə və ya böhran baş verməyib. Əksinə, biz uğura uğur əlavə edirik və ən azı həm Azərbaycanda, həm də regionda hər kəs anlayır ki, bunlar təsadüfi hadisələr deyil. Bütün bu işlər düşünülmüş siyasətin, strategiyanın, düzgün taktikanın və siyasətimizin, diplomatiyamızın bir sıra digər aspektləri üzərində qurulub".
O da etiraf edilməlidir ki, dünyanın aparıcı siyasi xadimlərinin və beyin mərkəzlərinin qatıldığı tədbirlərdə müəyyən siyasi nəticələr əldə olunur. Demək, COP29-un ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyəti də gözləniləndir. Nəzərə alsaq ki, uzun müddət davam edən Ermənistan-Azərbaycan münaqişəsində ilk dəfədir ki, heç bir vasitəçi olmadan, ikitərəfli danışıqlar yolu ilə razılıq əldə edilib, bu prosesin davamlı olması üçün beynəlxalq siyasi dəstəyə ehtiyac var: "COP29 sülh prosesinin nəticəsidir. Budəfəki COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq biz gündəliyə bir neçə əlavə edə bilərik və belə məsələlərdən biri sülh olacaqdır. Birincisi, ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Burada söhbət təkcə COP-dan və ötən dekabrdan getmir. Burada aramızda etimadın yaranmasından söhbət gedir. Çünki ən böyük çağırış qarşılıqlı etimadın olmaması və ya onun çox aşağı səviyyədə olmasıdır. Bu hal isə bizim heç də hər dəfə hər müstəvidə bir-birimizə qarşı addım atmalı olmadığımızı nümayiş etdirir. İlk dəfə idi ki, biz beynəlxalq arenada bir-birimizə qarşı addım atmaq məcburiyyətində qalmadıq. Yəni, biz qarşılıqlı dəstək verməsək də, bitərəf qaldıq və bunun özü də bir nailiyyət idi. Atdığımız addımların nəticələrinin daha bir nümunəsi sərhədin delimitasiyasıdır. Əlbəttə, iki ölkə, xüsusilə də iki xalq arasında daha çox etimadın artırılması üçün görüləcək işlər çoxdur. Lakin burada əsas məsələ tendensiyanın nədən ibarət olması, hansı istiqamətdə irəliləməyimizdir və söylədiklərimin bariz nümunələri var. COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir". Dövlət başçısının səsləndirdiyi fikirlər deməyə əsas verir ki, dünyanın hazırki reallıqlarını nəzərə alsaq, bəlli olur ki, ölkəmiz müstəqil dövlət olaraq dünya xəritəsində öz yerini tutmağa nail olub. Əksər beynəlxalq və regional problemlərin həllinə verdiyi töhvəyə görə, Azərbaycan sabitlik və inkişaf amilinə çevrilib. 
 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31