Qeyri-neft sektorunun inkişafı əsas hədəflər sırasındadır- ÖZƏL
17 Aprel 2024 12:32 İqtisadiyyat"Qeyri-neft sektorunun inkişafı əsas hədəflər sırasındadır. Regionların malik olduqları potensialdan səmərəli istifadə etmək üçün bütün zəruri addımlar atılır. İnfrastrukturun yenilənməsi, təkmilləşməsi ilk gündən qarşıya əsas vəzifə kimi qoyulub". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əliabbas Salahzadə deyib: "Bu gün qürurla bu mühüm məqamı qeyd edirik ki, bütün bölgələrimiz, o cümlədən işğaldan azad edilmiş ərazilərimiz inkişaf dövrünü yaşayır. Cənab İlham Əliyevin regionlara hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Təkcə son günlərdə Hacıqabul və Qəbələ rayonlarına, Gəncə şəhərinə səfəri zamanı atılan addımlara diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyevin sözügedən təməlqoyma mərasimində qeyd etdiyi kimi, bir neçə gün bundan əvvəl Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalandı, bu gün isə kanalın təməli qoyulur. Bu, çox əlamətdar hadisədir. Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır. Çünki Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi Hacıqabul gölü olacaq. Bu layihə bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır".