Azərbaycan COP29 çərçivəsində iqlim maliyyələşdirməsi üzrə yeni təşəbbüslər başladacaq
8 Aprel 2024 12:10 İqtisadiyyatAzərbaycan COP29 çərçivəsində iqlim maliyyələşdirməsi üzrə yeni təşəbbüslər başlatmaq niyyətindədir.
Olaylar xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi"nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında deyib.
"COP29-a ev sahibliyi edəcək ölkə olaraq iqlim maliyyələşdirməsi üzrə daha dayanıqlı olan və əvvəlkilərdən fundamental şəkildə fərqlənən yeni təşəbbüslər başlatmaq niyyətindəyik. COP29 çərçivəsində beynəlxalq təşkilat və şirkətlər tərəfindən "yan tədbirlər" (side event) təşkil etmək, birgə təşəbbüsləri təşviq etmək, konsepsiyaların hazırlanmasında dəstək və region ölkələri ilə təşəbbüslərin razılaşdırılması, bilik və bacarıqların səviyyəsinin artırılması, karbon tullantılarına görə vergi və karbon ticarəti üzrə təcrübə mübadiləsi, "yaşıl" istiqrazların buraxılması sahəsində dəstək göstərilməsi məqsədilə çox sayda müraciətlər daxil olur", - o deyib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.