AYİB COP29-un keçirilməsində Azərbaycana kömək etməyə hazırdır - Natalya Muravidze
4 Aprel 2024 16:45 İqtisadiyyatAvropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) COP29-un keçirilməsində Azərbaycana kömək etməyə hazırdır.
Bu barədə Trend-ə AYİB-dən bildiriblər.
"2024-cü il artıq AYİB üçün Azərbaycanda çox mühüm il kimi formalaşır. İlə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) üçün regional əlaqələrin inkişafı məqsədilə böyük miqdarda kredit ayırmaqla başladıq. Bəzi maraqlı layihələr artıq maliyyə institutları ilə yekunlaşma mərhələsindədir, COP29-a hazırlıq tam sürətlə gedir.
Azərbaycanın "yaşıl" gündəliyinin reallaşdırılmasında dəyişməz tərəfdaşı olaraq, bu əlamətdar hadisəni uğurlu etməkdə kömək göstərməyə hazırıq" - deyə AYİB-in məlumatında bankın Azərbaycan üzrə rəhbəri Natalya Muravidzedən sitat gətirilib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abbreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.