“İpoteka xətti ilə mənzil alınmasına yönəldilən vəsait tələbatdan xeyli azdır” - ŞƏRH

Əli Məsimli: “Dügər tərəfdən isə indiki şərtlərlə verilən ipoteka kreditləri orta statistik azərbaycanlı üçün əlçatan deyil”

Son vaxtlar ipoteka kreditlərinin verilməsi zamanı tətbiq edilən faizlərin bir qədər aşağı salınması, eləcə də bir sıra şərtlərin yumşaldılması ilə bağlı müəyyən fikirlər səsləndirilir. Hətta bununla bağlı müəyyən təkliflərin hazırlanıb aidiyyatı dövlət qurumlarına təqdim olunması istiqamətində işlər də görülür. Eskpertlər də hazırkı dönəmdə ipoteka kreditlərinin faizlərinin aşağı salınmasını məqbul hesab edirlər. Parlamentin iqtisadi-siyasət komitəsinin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli də ipoteka kreditlərinin faizlərinin aşağı salınmasına tərəfdardır. Millət vəkili bu zaman bir neçə məqama diqqət yetirilməsini zəruri sayır. O, II Dünya Müharibəsindən sonra bu sahədə Almaniyada tətbiq edilən modelin Azərbaycanda da işləməsini məqsəduyğun hesab edir: "Məlum olduğu kimi, hazırda Azərbaycanda güzəştli şərtlərlə mənzil alanda dövlət büdcəsi hesabına sosial ipoteka üzrə 30 il müddətinə 4 faizlə, maksimum 50 min manat kredit verilir. İndiyə qədər bu xətlə 3 min nəfərə qədər adam ipoteka krediti alıb. Adi ipoteka isə 25 il müddətinə 8 faizlə verilir. Bu xətlə isə indiyə qədər 10 min nəfərə qədər adam kredit alıb". Əli Məsimli deyir ki, kommersiya banklarının öz vəsaiti hesabına verdiyi ipoteka kreditlərinin müddəti adətən az, dərəcələri yüksəkdir: "Bundan əlavə tikinti şirkətlərinin möhlətlə ev satışı zamanı müddət bundan da azdır. İpoteka kreditləri 2006-cı ildəki 27 milyon manatdan 2013-cü ildə 200 milyon manat çatıb və ya 7,5 dəfə artıb. İndiyədək 500 milyon manata qədər ipoteka krediti verilib ki, bunun da 178 milyon manatı büdcə vəsaitidir". Millət vəkilinin sözlərinə görə, bunnla belə ipoteka xətti ilə mənzil alınmasına yönəldilən vəsait tələbatdan xeyli azdır: "Dügər tərəfdən isə indiki şərtlərlə verilən ipoteka kreditləri orta statistik azərbaycanlı üçün əlçatan deyil.  Ona görə də hökümət ipoteka sistemində, xüsausən də sosial ipoteka sahəsində dəyişikliklər etmək istəyir. Həmin dəyişikliklər daha çox yığım və faiz dərəcələri sahəsində gözlənilir.Yəni ev almaq istəyən vətəndaş bir müddət maliyyə yığımı etdikdən sonra, ipoteka ilə öz arzusunu reallaşdırmaq imkanı olacaq". Əli Məsimlinin qənaətincə Almanıyada təcrübədən keçirilən bu model II Dünya Müharibəsi zamanı tikililərinin çox hissəsi darmadağın edilmiş Almaniyanın qısa bir tarixi zaman kəsiyində qalxınmasında, Avropanın bir nömrəli dövlətinə çevrilməsində əhəmiyyətli rol oynayıb: "Bəs həmin model Azərbaycana tətbiq edilsə, səmərəli işləyəcəkmi?.. Azərbaycan reallıqlarını nəzərə almaqla həmin modelin Azərbaycana tətbiqi, hər halda ipotekanın indiki modelindən daha yaxşı işləyəcək.Amma bu, heç də ölkə vətəndaşlarının ipoteka hesabına ev almaq probleminin tamamilə həll olunacağı demək deyil...Ona görə də hesab edirik ki, hökümət ipoteka mexanizmini təkmilləşdirən zaman hökumət atacağı addımlarla yanaşı, aşağıdakı məsələləri də nəzərə alsa, işin xeyrinə olar: "Adi ipoteka üzrə faiz dərəcəsi 8 faizdən 4-5 faizə. sosial ipoteka üzrə isə 4 faizdən 2 faizə endirilsin, ilkin ödəniş sahəsindəki problemi yumşaltmaqdan ötrü xüsusi fond və Tikinti-Əmanət Bankı yaradılsın. İpoteka kreditlərinin verilməsi təkcə Bakı ilə məhdudlaşmasın, rayonlarda yaşayanlar da ipotekadan istifadə edə bilsin. Bu gün Azərbaycanda orta maaş 400 manatdan bir qədər artıq, büdcə təşkilalarında işləyənlərin xeyli hissəsinin maaşları isə 200 manat ətrafındadır. Bu o deməkdir ki, hazırkı ipoteka mexanizmi şəratində orta statistik azərbaycanlı, müəllim, həkim, elm, mədəniyyət, incəsənət və sair sahələrdə çalışanların çoxu ipotekadan faydalana bilmir. Ona görə də dövlətin bir otaqlı mənzillərlə yanaşı, həm də 2-3 otaqlı, ucuz başa gələn mənzillər tikilməsini təşkil etməsini və vətəndaşlar ayda 60-80 manat ətrafında pul ödəməklə (axırda həmin ev o ailəyə qalsın) təqdim etməsi, ipoteka sahəsində işlər geniş vüsət alar, əhalinin daha çox hissəsinin, xüsusən də gənclərin və gənc ailələrin mənzilə olan tələbatının ödənilməsi probleminin həlli xeyli sürətlənmiş olar. Bu həm də tikinti sektorunun bümuna, tikinti materialları sənayesinin sürətli inkişafına, qiymətli kağızlar bazarının dairəsinin genişlənməsinə ciddi təkan vermiş olar".

 
Süleyman İsmayılbəyli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31