Bir nazirin qəbulunda nə baş verdi

Sudeyf Mustafayev: “Belə səmimi qəbulla birinci dəfə idi ki, rastlaşırdım”

Dövlət başçısının tapşırığına əsasən hökumət üzvləri yerlərdə vətəndaşların qəbulunu davam etdirirlər. Müşahidələr deməyə əsas verir ki, uzun müddət əsassız bürokratrik əngəllərlə üzləşən vətəndaşlar problemlərini birbaşa nazir, yaxud komitə sədrinə çatdırmaq imkanı qazanırlar. Məsələnin müsbət tərəfi isə ondan ibarətdir ki, əksər vətəndaşların  müraciətləri yerindəcə həll olunur, yaxud araşdırılması üçün aidiyyatı orqanlara göndərilir. Masallı rayon sakini Sudeyf Mustafayev də iqtisadi inkişaf naziri Şahin Mustafayevin qəbulundan xoş təəssüratla ayrıldığını bildirir. Məlumat üçün qeyd edək ki, Ş.Mustafayev Masallı rayonunda fəaliyyət göstərən "FAS" kredit təşkilatının üzvüdür. Sözügedən təşkilat 2010-cu ildən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara kredit verməklə məşğuldur: "Təşkilatımız yalnız kənd camaatına kredit verməklə məşğul olur. Məqsədimiz  kənd təsərrüfatı sahəsinin inkişafı, xüsusən  ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində sahibkarlara yardımçı olmaqdan ibarətdir. Çox mütərəqqi haldır ki, bu işdə beynəlxalq maliyyə təşkilatları ilə yanaşı, Azərbaycan hökuməti də bizə lazımi dəstək verir". S.Mustafayevin bildirdiyinə görə, sentyabrın 13-də iqtisadi inkişaf naziri Şahin Mustafayevin qəbuluna yazılıb və Xızı rayonunda  qəbula düşmək imkanı əldə edib: "İndiyə qədər bir çox qəbullarda olmuşam. Ancaq belə səmimi qəbulla birinci dəfə idi ki rastlaşırdım. Belə ki, bu görüşdə cənab nazir özü məni olduqca yüksək səviyyədə qəbul etdi, müraciətimi sona qədər dinlədi. Cənab nazirin müraciətlərə münasibəti onun haqqında səmimi insan, sadə adamların yanında olan nazir təəssüratı yaratdı. Nazir məni dinlədikdən sonra bildirdi ki, mütləq kənd təsərrüfatı sahəsində çalışan  təşkilatlarla əlaqələrimizi genişləndirməli, onlara lazımi dəstəyimizi verməliyik. Çünki belə kredit təşkilatları kommersiya banklarından dəfələrlə kəndliyə  yaxındır. Beləliklə aidiyyatı şəxslərə göstəriş verdi ki, mütləq belə təşkilatlarla işləmək lazımdır". Onun sözlərinə görə, söhbət kredit almaq, yaxud hansısa nailiyyətə imza atmaqdan deyil, nazirin səmimiliyi, insanlara münasibətindən kedir: "Bəzən belə fikirlər də var ki, bəzi məmurlar vətəndaşları qəbul etmir,  süründürməçilik hallarına yol verilir. Ancaq bu qəbulda Şahin müəllimdə o qədər insani keyfiyyət gördüm ki, bunu  deməmək mümkün deyil".

.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31