SOCAR-AQŞ 20 sentyabr ‘’Neftçilər günü’’ peşə bayramında Azərbaycanın qazma sənayesinə unikal yenilik gətirdi
23 Sentyabr 2013 16:56 İqtisadiyyat350 saylı quyunun tikintisi işlərinə yeni quraşdırılmışTopDrive qurğusu ilə start verildi. SOCAR-AQŞ Günəşli yatağının dayazsulu hissəsində DDSÖ 13-dən 350 saylı horizontal quyunun tikintisi işlərinə başlayıb. Quyunun tikinti işlərinə başlanması Azərbaycan qazma sənayesi tarixində unikal hadisə ilə yadda qalacaq. Belə ki, ilk dəfə olaraq Xəzər dənizinin Günəşli yatağının dayazsulu hissəsində, ''Uralmaş 6000 PEM'' qazma qurğusunun portal tipli qülləsində ən müasir qazma avadanlığı olan Yuxarı İntiqallı Qurğu- TopDrive quraşdırılıb
Adıçəkilən qurğu vasitəsi ilə SOCAR-AQŞ ilk milli müəssisə olaraq horizontal quyuların qazılması istiqamətində də öz gücünü sınayacaq. Horizontal quyuların qazılmasının özunəməxsus üstünlükləri var. Horizontal qazma vasitəsilə dənizdəki məhdud sayda quyu yenidən səmərəli istifadə edilir, debitin dəfələrlə artması hesabına quyu tikintisinin ümumi səmərəliyi artır.
Qazma işlərinə başlamazdan əvvəl 13 saylı özüldə bir sıra rekonstruksiya işləri də aparılıb. Belə ki, ən müasir ventilyasiya sistemi quraşdırılıb, çirkab suların drenaj sistemi bərpa olunub, məhlulun dövran sistemi yeni və daha müasir avadanlıqlarla əvəz edilib və platformadakı güc sistemi tam yenilənib.
Həmçinin, SOCAR-AQŞ öz təcrübəsində ilk dəfə olaraq neft əsaslı məhluldan da istifadə edilməsini məhz 350 saylı quyunun qazma işlərində sınaqdan keçirəcək. Bu məhlul quyunun təmizlənməsi və qazma sürətinin artmasına əhəmiyyətli dərəcədə öz tövhəsini verəcək.
Baş direktorun əməliyyatlar üzrə müavini Eldar Yaradanquliyev müəssisənin həyata keçirdiyi işlərə münasibət bildiriərək qeyd edir ki, portal tipli qüllədə TopDrive avadanlığının quraşdırılması uzun illər mübahisə mövzusu olub. ''Bu gün- məhz 20 sentyabr ''Neftçilər günü ''peşə bayramına tövhə olaraq SOCAR-AQŞ unikal yeniliyə imza atdı. Bununla biz Azərbaycan neftçilərinin şanlı tarixinə yeni bir səhifə yazdıq. Bizim bu cəsarətli addımımız bir çox tərəfdaşları ruhlandıraraq Xəzər dənizinin karbohidrogen ehtiyyatlarının daha səmərəli istismarına yol açacaq''.