Azərbaycan dünyada yeni trend olan yaşıl enerjiyə keçidi fəal şəkildə dəstəkləyir-Vüqar Əhmədov- ÖZƏL
1 Mart 2024 17:33 İqtisadiyyat"Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası Azərbaycanın Avropanın enerji təhlükəsizliyi baxımından həyata keçirdiyi tədbirlərin uğurlu nəticəsi və davamıdır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov qeyd edib:
"Vaxtı ilə Qərb ölkələrinin bir sıra siyasət və beyin mərkəzləri Bakıya toplanan zaman Azərbaycanın Avropanın enerji təminatı, hələ o zamanlar müzakirə olunan "Nabucco" layihəsinə xəyal kimi baxırdılar. Sonradan ölkə Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP kimi bir layihəni ərsəyə gətirdi və burada siyasi iradə, davamlı strategiya və tərəfdaşlarla aparılan düzgün iş öz bəhrəsini verdi. Təbii ki, Qərb dairələrində də bu layihələrə real baxmayan və Avropa institutlarından maliyyə kredit ayrılmasına razı olmayan dairələr var idi. Lakin Azərbaycan öz maliyyəsi hesabına bu layihələri qurdu, faktiki bu gün Avropanın 6 ölkəsini enerji ilə təmin edir, digər region ölkələri ilə uğurlu əməkdaşlıq mövcuddur, Şərqi Avropa dövlətləri ilə bu sahədə uğurlu əməkdaşlıq mövcuddur. İclasda Cənab Prezident önəmli mesajlar verdi. Bu tədbir məhz COP29 ərəfəsində keçirilir, Azərbaycan yaşıl enerjiyə keçidi elan edib və həm ənənəvi, həm də yaşıl enerji ilə bağlı mühüm işlər görür. Enerji resursları ilə zəngin ölkə və bundan böyük gəlir götürən ölkə olmasına baxmayaraq Azərbaycan dünyada yeni trend olan yaşıl enerjiyə keçidi fəal şəkildə dəstəkləyir, iqlim dəyişiklikliyi məsələsini daim diqqətdə saxlayır, ətraf mühitə biganə deyildir. Məhz bu məqsədlə də COP29 tədbirinə ev sahibliyi etmək təşəbbüsündə bulundu. Avropa dövlətləri də Azərbaycanla bu sahədə fəal əməkdaşlıq edir və Azərbaycanın enerji sahəsində diversifikasiya və mövcud olan gündəliyini dəstəkləyir. Azərbaycan həm Avropanın enerji böhranı yaşayan vaxtında onlara dəstəyini göstərir, həm də bu gün Avropanı qayğılandıran iqlim məsələləri ilə bağlı da Avropa ilə çox yaxşı anlaşma şəraitindədir"