“Azərbaycan qazının birbaşa Avropaya çıxarılması ilə avro problemi həll ediləcək”

Vüqar Bayramov: “Azərbaycan dövlət gəlirlərinin daha stabil qalmasında da TAP-ın əhəmiyyəti böyükdür”

"Şahdəniz" konsorsiumu bəyan edib ki, yatağın ikinci mərhələdə işlənməsindən hasil ediləcək qazın satışı üzrə  25 illik sazişlər bağlanıb. Qazı İtaliyada, Yunanıstanda və Bolqarıstanda doqquz şirkət alacaq. Layihə Cənub Qaz Dəhlizini açmaqla ilk dəfə olaraq Azərbaycandan Avropaya birbaşa qaz çatdıracaq. İqtisadçı Vüqar Bayramov məsələyə münasibət bildirərkən qeyd etdi ki, sazişə əsasən Azərbaycan qazının son nəql stansiyası İtaliya olacaq. Türkiyə TAP layihəsilə vasitəsilə Azərbaycandan 6.6 milyard kubmetr, Bolqarıstan və Macarıstan illik 1 milyon kubmetr qaz alacaqlar. Eyni zamanda Yunanıstan, Bosniya və Hersoqovina, Albaniya, həmçinin Baltikyanı dövlətlər də Azərbaycan qazından yararlana biləcəklər. V.Bayramov hesab edir ki, Azərbaycan TAP vasitəsilə qazını dünya bazarına birbaşa çıxarmaq şanı qazanmaqla yanaşı, Şərqi Avropanın enerji təhlükəsizliyinin qarantına çevriləcək: "Qazın birbaşa Avropaya çıxarılması ilə avro problemi həll ediləcək. Bazara nə qədər çox qaz çıxarılarsa, qiymətlərin bir o qədər qiymətləri indeksləşdirmək imkanları əldə edəcək. "Şahdəniz" konsorsiumundan Avropaya birbaşa qazın çıxarılması üçün Azərbaycana yatırılacaq investisiyanın qiyməti 45 milyard dollardır. Həmin məbləğin 25 milyard dolları Gürcüstan və Azərbaycanın payına düşür. Azərbaycan həmin investisiyadan ən çox gəlir götürən dövlətdir. Kənar investisiyanın Azərbaycana, Azərbaycan investisiyasının isə kənara çıxarılması baxımından TAP layihəsinin əhəmiyyəti böyükdür. Layihə Azərbaycanın qaz satışından əldə etdiyi gəlirlərin stabil qalmasına kömək edəcək. Azərbaycan 2012-ci ildə 27 milyard kubmetr mavi qaz hasil edib, "Şahdəniz -2" yatağı istifadəyə veriləndən sonra isə qaz hasilatı 40 milyard kubmetrədək artırılacaq. TAP qazın ixracatının və dövlət gəlirlərinin artmasına təkan verəcək. TAP-ın birinci mərhələdə qaz ötürmək qabiliyyəti 10 milyard kubmetr, ikinci mərhələdə 20, digər mərhələlərdə isə 60 milyard kubmetr olacaq. Azərbaycan dövlət gəlirlərinin daha stabil qalmasında da TAP-ın əhəmiyyəti böyükdür". ("OLAYLAR" İA) 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31