Görüşdə gənc iqlim fəallarını, novatorları və sahibkarları dəstəkləmək üçün yerli hakimiyyət orqanları ilə birgə əməkdaşlıqdan söhbət açılıb.
Səfir Sultan Hacıyev diqqətə çatdırıb ki, bu il Bakı şəhərində keçiriləcək COP29 Azərbaycanla Keniya arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə təsadüf edir və ətraf mühit üzrə fəaliyyətdə Afrikanın lider dövlətlərindən olan Keniya ilə dinamik inkişaf edən əməkdaşlığın daha da möhkəmləndirilməsinə münbit zəmin yaradır. O bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə qalib gəlmək üçün, ilk növbədə, bəşəriyyətin bu problemə yanaşması dəyişməlidir.
Tədbirin fəxri qonağı Charlene Ruto bu görüşün əhəmiyyətini vurğulayaraq, ətraf mühit problemlərinin həllində gənclərin fəaliyyətinə, təşəbbüslərinə dəstək vermək üçün qarşılıqlı işbirliyinin genişləndirilməsini yüksək qiymətləndirdiyini deyib. O, Keniyada iqlim sahəsində həyata keçirilən layihələr, gənclər və vətəndaş cəmiyyəti təşkilatlarının bu layihələrdə iştirakı, əldə olunan mütərəqqi təcrübələr barədə məlumat verib.
Görüşdə COP29-da gənclər təşkilatlarının rolunun vacibliyi, Keniya ilə Azərbaycan arasında, eləcə də regional istiqamət üzrə birgə təşəbbüs və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.




